Uşağınız evdən kənarda ziyan vurubsa - Zərəri KİM ÖDƏMƏLİDİR?

Uşağınız evdən kənarda ziyan vurubsa - Zərəri KİM ÖDƏMƏLİDİR?


15:23     14 Mart 2019 2019/03/usaq_qirdi_1552562897.jpg


Bəzən azyaşlıların vurduğu ziyana görə valideynlərlə digər şəxslər arasında problemlər yaranır. Uşağın vurduğu maddi ziyanı valideyn ödəməli olur. Bu adətən uşaqların hər hansı mağazada və ya digər ictimai yerdə məhsulu korlaması, yararsız hala salması nəticəsində baş verir.

Qanuna əsasən, dəymiş ziyanı valideyn, yoxsa müəssisə ödəməlidir? Azyaşlı olması uşağı məsuliyyətdən xilas edirmi?

Bu və digər suallara cavab almaq üçün vəkil Cabbar Həsənova müraciət etdik. Vəkil Femida.az-a açıqlamasında bildirdi ki, azyaşlıların və məhdud fəaliyyət qabiliyyətli şəxslərin vurduqları zərər və onun ödənilməsi AR Mülki Məcəlləsi ilə tənzimlənir:

“Həmin Məcəlləyə görə, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır”.

Qeyd edək ki, 7 yaşından 14 yaşınadək olan şəxslərin aşağıdakı əqdləri müstəqil bağlamaq ixtiyarı var:

- xırda məişət əqdləri;
- əvəzsiz olaraq fayda götürməyə yönəldilmiş əqdlər (hansı ki, onlardan əmələ gələn hüquqların notariat qaydasında təsdiqlənməsi və ya dövlət qeydiyyatına alınması tələb olunmur);




Vəkilin sözlərinə görə, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın əqdləri, o cümlədən müstəqil bağladığı əqdlər üzrə əmlak məsuliyyətini onun valideynləri, övladlığa götürənlər və ya qəyyum daşıyır, bu şərtlə ki, həmin şəxslər öhdəliyin onların təqsiri üzündən pozulmadığını sübuta yetirməsinlər. Qanuna uyğun olaraq bu şəxslər azyaşlıların vurduqları ziyan üçün də cavabdehdirlər:

“14 yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar.
Əgər azyaşlı müvafiq tərbiyə, müalicə müəssisəsində və ya qanuna görə onun qəyyumu olan digər oxşar müəssisədə olmuşdursa, həmin müəssisə azyaşlının vurduğu zərərin əvəzini, əgər zərərin müəssisənin təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, ödəməyə borcludur.
Valideynlərin (övladlığa götürənlərin), qəyyumların, təhsil, tərbiyə, müalicə müəssisələrinin və digər müəssisələrin azyaşlının vurduğu zərərin əvəzini ödəmək vəzifəsinə azyaşlı yetkinlik yaşına çatdıqda və ya zərərin əvəzini ödəmək üçün yetərli əmlak əldə etdikdə xitam verilmir”.




Qanunu praktiki cəhətdən izah etsək, əgər uşaq hər hansı mağazada, ictmai iaşə obyektində, dövlət qurumunda, özəl şirkətdə və s. yerlərdə satılan, daşınar, yaxud daşınmaz malı, əmlakı korlayırsa, yararsız hala salırsa, dəymiş ziyanı valideyn ödəməlidir.


14-18 yaşlı uşaqlar üçün məsuliyyət

On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar.
“14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. İXM-nə uyğun olaraq yalnız 16 yaşına çatmış fiziki şəxsə inzibati tənbeh tətbiq edilə bilər. On dörd yaşından on altı yaşınadək olan yetkinlik yaşına çatmayanların törətdikləri xırda xuliqanlığa görə isə onların valideynləri məsuliyyət daşıyırlar” – deyə vəkil Cabbar Həsənov qeyd edib.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #femida   #qanun   #hüquq   #uşaq   #valideyn   #övlad   #vəkil   #məcəllə  

Oxunub: 1541