ABŞ-da “mafiya bossu” güllələndi


18:30     14 Mart 2019 19_03_14_1552569019.jpg

Amerika Birləşmiş Ştatlarında Nyu-Yorkda mütəşəkkil cinayətkarlığa nəzarət edən beş ən iri və nüfuzlu klandan biri – “Qambino” mafiyasının bossu Françesko Kali güllələnib.

Bu barədə Lenta.ru məlumat yayıb.

Kali martın 13-ü axşam saatlarında Staten-Aylend rayonunda yerləşən evi qarşısında qətlə yetirilib. Polisdən olan mənbələr 53 yaşlı F.Kaliyə azı altı dəfə atəş açıldığını yazır. Bununla kifayətlənməyən atıcı sonradan mavi pikapla qurbanın üzərindən keçib.

Silahlı hücum zamanı F.Kalinin həyat yoldaşı və uşaqları evdə olub.

Qətlin motivləri araşdırılır. Federal Təhqiqatlar Bürosunun agentləri və polis xəfiyyələri sui-qəsd sifarişinin mafiya ailələrinin hər hansı birindən gəlib-gəlmədiyini müəyyən etməyə çalışır.

F.Kali Siciliyada doğulub. 2015-ci ildən etibarən Qambino klanına başçılıq edir.

2008-ci ildə F.Kali reket fəaliyyətinə görə həbs olunub. Həmin vaxt hədə-qorxu yolu ilə pul qoparmaq məqsədilə “reket sxemi”ndə iştirak etdiyini etiraf etdiyindən ona yalnız 16 aylıq həbs cəzası verilmişdi.

Qeyd edək ki, F.Kali 1985-ci ildən bəri Nyu-Yorkda sui-qəsd qurbanı olmuş ilk “mafiya bossu” sayılır.

Açar sözlər:

Oxunub: 539