Ədalət Vəliyevə “Əmək” ordeni təqdim edildi


09:42     15 Mart 2019 2019/03/1-(20)_1552628621.jpg

Azərbaycan Prezidentinin 5 mart 2019-cu il tarixli Sərəncamı ilə Ədalət Vəliyev mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 3- cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.


Femida.az xəbər verir ki, martın 14-də mədəniyyət naziri Əbülfəs Qarayev ordeni Ədalət Vəliyevə təqdim etdi. Nazir Ədalət Vəliyevi dövlət təltifinə layiq görülməsi və 60 illik yubileyi münasibətilə təbrik edib. Ədalət Vəliyevin mədəniyyət sahəsində uzun illər fəaliyyət göstərdiyini, bu illər ərzində sıravi işçidən nazir müavini vəzifəsinədək yüksəldiyini deyən Əbülfəs Qarayev qeyd edib ki, o, çalışdığı hər bir vəzifədə Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfələr verib, bu sahədə bilik və bacarığını, təcrübəsini əsirgəməyib.

“Ədalət müəllim ölkəmizin tanınmış mədəniyyət xadimlərindən biridir. Onun fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilir. Bu gün təqdim olunan orden də bunun əyani sübutudur. Ədalət müəllimlə uzun müddət bərabər çalışmışıq. Bu illər ərzində cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafına xidmət etmişik”, - deyə Əbülfəs Qarayev vurğulayıb.



Nazir diqqətə çatdırıb ki, Ədalət Vəliyev mədəniyyət sahəsində çalışdığı hər bir vəzifədə öz fəaliyyətində yüksək təşkilatçılıq, peşəkarlıq nümayiş etdirib, bu sahədə mühüm layihələrin gerçəkləşməsində imzası olan bir insandır.
Əbülfəs Qarayev bir daha Ədalət Vəliyevi 60 illik yubileyi və 3-cü dərəcəli “Əmək” ordenlə təltif olunması münasibəti ilə nazirliyin kollektivi adından təbrik edərək ona möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzu edib.

Daha sonra orden Ədalət Vəliyevə təqdim olunub. Ədalət Vəliyev onun xidmətlərinə yüksək qiymət verdiyinə görə Prezident İlham Əliyevə, Birinci-vitse prezident Mehriban Əliyevaya öz minnətdarlığını ifadə edib.


Femida.az

Açar sözlər:

Oxunub: 505