Azərbaycanla Səudiyyə arasında memorandum imzalandı

Azərbaycanla Səudiyyə arasında memorandum imzalandı


15:11     17 Mart 2019 19_03_17_1552821103.jpg

Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Müştərək Texniki Komissiyasının (JTC) 27-ci və Nazirlərin Birgə Monitorinq Komitəsinin iclası çərçivəsində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA POWER” şirkəti arasında əməkdaşlıq haqqında memorandumu imzalanıb. Sənədi energetika nazirinin müavini Samir Vəliyev və “ACWA POWER” şirkətinin direktoru Ayad Əl Amri imzalayıb.

Nazirlikdən Femida.az-a verilən məlumata görə, Anlaşma memorandumu Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə sahəsinə investisiya qoyuluşu, bunun üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üzrə əməkdaşlığın əsas prinsiplərini müəyyənləşdirir.

Energetika nazirinin müavini Samir Vəliyev bildirib ki, Energetika Nazirliyi Azərbaycanın zəngin bərpa olunan enerji mənbələrindən səmərəli istifadəni təmin etmək, ölkənin elektrik enerjisi istehsalı gücünün şaxələndirilməsi hesabına enerji təhlükəsizliyini gücləndirmək və təmiz enerji istehsalını həyata keçirmək məqsədi ilə beynəlxalq şirkətlərlə əməkdaşlıq edir. “Hazırda bərpa olunan enerji sahəsinin inkişafı üçün qanunvericilik bazası hazırlanır, investorların cəlbi üçün mexanizmlər üzərində işlənilir. “ACWA POWER” şirkəti ilə əməkdaşlıq bu sahədə fəaliyyətin səmərəli təşkilində, bərpa olunan enerjinin istehsal xərclərinin azaldılmasında qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqinə, bərpa olunan enerji layihələrinin gələcəkdə həyata keçirilməsinə töhfə verəcəkdir”-deyə, nazie müavini əlavə edib.

Səudiyyə Ərəbistanının “ACWA POWER” şirkəti əsasən bərpa olunan enerji mənbələrindən istifadə və dəniz suyunun duzsuzlaşdırılması sahələrində ixtisaslaşmış şirkət olaraq enerji və su layihələrini həyata keçirir. Şirkət hazırda Asiya və Afrika ölkələrində, o cümlədən Misir, İordaniya və digər ölkələrdə külək və günəş enerjisi layihələrini həyata keçirir.

Femida.az

Açar sözlər:

Oxunub: 155