1900-cü ildə yaradılan zavod satışa çıxarıldı


11:50     18 Mart 2019 emlak%20meseleleri%20uzre%20dovlet.jpg

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Bakı fəhləsi maşınqayırma zavodu” ASC-nin səhmlərinin 97,83%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib.


Femida.az Komitəyə istinadən xəbər verir ki, müsabiqə “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” ölkə prezidentinin 19 iyul 2016-cı il tarixli fərmanını icra etmək məqsədi ilə, “Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və dövlət başçısının 17 iyul 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq elan edilib.

Müsabiqədə yerli hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər. Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər nəzərə alınmaqla maksimum həcmdə investisiya təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçıya üstünlük veriləcək.

“Bakı neft maşınqayırma zavodu” 1900-cü ildə yaradılıb, Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsində, E.Mehdiyev küçəsi, 10 ünvanında yerləşir. Səhmdar cəmiyyəti neft-mədən avadanlıqları və onların ehtiyat hissələrinin istehsalı ilə məşğuldur. Onun nizamnaməə kapitalı 22,3 milyon manatdır ki, bu məbləğ də hər birinin nominal dəyəri 2 manat olan 11,15 milyon ədəd sənədsiz, adlı səhm əsasında formalaşıb. Bu səhmlərdən 10 907 610 ədədi (21 815 220 manatlıq) investisiya müsabiqəsinə çıxarılıb.

69 nəfər işçisi olan “Bakı neft maşınqayırma zavodu”nın 2 552 409 manat öhdəliyi var ki, bunun da 100 359 manatı əmək haqqı və ona bərabər tutulan borclar, 2 024 955 manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosal Müdafiə Fonduna (DSMF) borclar, 412 772 manatı mal, iş və xidmətlərə görə borclardır. Zavodun debitor borcları isə 14 323 manatdır.

İddiaçılar ƏMDK-ya azı 10 milyon manatlıq investisiya proqramı təqdim etməli, azı 150 yeni iş yerinin yaradılması, səhmlərin alqı-satqı müqaviləsi imzalandığı tarixdən etibarən 2 ay ərzində təklif edilən investisiyanın 5%-i qədər pul vəsaitinin səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürülməsi, dövlət büdcəsinə 7,5 milyon manat pul ödənilməsi barədə təkliflər verməlidir.

Bundan başqa, iddiaçılar qarşısında Komitəyə 1 milyon manat beh ödəmək tələbi də qoyulub. Qalib gəlmiş iddiaçının ödədiyi məbləğ gələcəkdə nəzərə alınacaq, qalib gəlməyən iddiaçıların ödədiyi məbləğlər isə geri qaytarılacaq.

Müsabiqənin qalibi yuxarıda qeyd olunan öhdəlikləri yerinə yetirməklə yanaşı, bu layihənin icrası ilə əlaqədar cəlb olunmuş məsləhətçi şirkətə 4 720 manat da ödəməlidir.

İddiaçılar səhmdar cəmiyyətinin Özəlləşdirmə planı (Emissiya prospekti) ilə tanış olmaq və investisiya müsabiqəsi haqqında əlavə məlumat əldə etmək üçün aprelin 17-nə qədər ƏMDK-nın inzibati binasına müraciət edə bilərlər. Onların ərizə və təklifləri də həmin tarixə qədər qəbul ediləcək. Təkliflərin qiymətləndirilməsi isə aprelin 26-də, saat 15:00-dan başlayaraq Komitədə həyata keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 462