8027 azərbaycanlının öldürüldüyü ŞAMAXI SOYQIRIMI: Erməni vandallığının 101-Cİ İLDÖNÜMÜ


13:33     18 Mart 2019 2019/03/15220693134047433990_1000x669_3105802858.jpg

1918-ci il, 18 mart... Şamaxının müsəlmanlar yaşayan hissəsinə soxulan ermənilər: "Biz bu günü on iki ildir ki, gözləmişik. Bu Nikolayın sizə kömək etdiyi 1905-ci il deyil. İndi sizə heç kim kömək etməyəcək. Köməyə siz özünüzün "müqəddəs Həzrət Abbasınızı çağırın" – deyə qışqırırmışlar.


Şamaxı soyqırımı 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi silsilə soyqırımın bir parçasıdır. Başqa sözlə desək, etnik təmizləmə siyasəti. Şamaxı soyqırımı dünyada görünməmiş vandalizm və qəddarlıqla yadda qalıb.

Şaumyanın göstərişi ilə Stepan Lalayev 1917-ci ildən başlayaraq gizli şəkildə Şamaxıda yaşayan ermənilərə silah-sursat paylamışdı. Görünən odur ki, Şamaxı soyqırımı hələ bir il öncədən planlanmışdı. Bu dövrdə müxtəlif cəbhələrdən 7000 erməni əsgəri Bakıya gətirilərək Bakı Sovetinin hərbi qüvvələrinin tərkibinə daxil edildi. Erməni alimi Q.Avetisyan qeyd edirdi ki, “Bakıda 25 alay, 18 min döyüşçüdən ibarət Qızıl Ordunun dörd briqadası var idi. Qızıl Ordu döyüşçülərinin də 70 faizi erməni idi”. Hələ yanvarda Bakı Soveti tərəfindən 15 maşın silah, martın ortalarında isə 60 maşın silah və 2000 erməni əsgəri Şamaxıya göndərilmişdi.


Şamaxı soyqırımından sonra küçələrdə qalaqlanan insan meyitləri

1918-ci il martın 18-də səhər saat 6 radələrində ermənilər Şamaxını mühasirəyə alaraq 10 topdan, yüzlərlə pulemyotdan və digər silahlardan şəhəri atəşə tutdular.

Sübh çağı Şamaxının azərbaycanlı sakinləri top atəşlərinin sədaları altında oyanırlar. Evlərindən çıxarkən görürlər ki, şəhər cənubdan ermənilər, şimali-şərqdən isə malakanlar tərəfindən mühasirə olunub. Şəhərin tamamilə azərbaycanlılardan ibarət aşağı hissəsi top və pulemyot atəşlərinə tutulur, şəhərin yuxarı hissəsində yaşayan ermənilər isə azərbaycanlılar yaşayan məhəllələri tüfənglərdən atəşə tuturlar. Bubdan bir gün əvvəl erməni yepiskopu Baqrat və malakanların nümayəndəsi Karabanov Xaç və İncil qarşısında azərbaycanlılarla sülh və qardaşlıq şəraitində yaşayacaqlarına və heç vaxt onlara qarşı silahlı çıxış etməyəcəklərinə and içmişdilər. Bu da onların faha bir hiyləgər siyasətinin göstəricisidir. Ermənilər azərbaycanlıların evlərini talan edir, yandırır və dinc əhalini qəddarlıqla qətlə yetirirdilər.


“Bolşaya bazarnaya” küçəsindəki dükanların dağıntıları

Şamaxı hadisələri ilə bağlı “Azərbaycan” qəzetinin 1918-ci il 19 saylı buraxılışında gedən bir yazıda müəllif qeyd edirdi ki, S.Lalayevin Şamaxı müsəlmanlarına tutduğu divan bizim bu müharibə dövründə üzləşdiyimiz bütün dəhşətləri geridə qoyur. Şamaxıda qırğına rəhbərlik edən S.Lalayevin qəddarlığı o həddə çatmışdı ki, bu, hətta onun silahdaşları olan T.Əmirov və İ.Boqomolovun da narazılığına səbəb olmuşdu.
Şəhərin ən abad, varlı və tanınmış müsəlmanlarına məxsus evlərinə od vurulurdu. Onlar yandırılmış evlərdən çıxıb qaçan kişi, qadın və uşaqları güllələyirdilər. Evlərə soxulur, onların sakinlərini qarət edir, qətlə yetirir, sonra isə yandırırdılar. Gecə müsəlmanlar təslim olmaq barədə ermənilərin yanına nümayəndələr göndərir və sülh xahiş edirlər. Lakin atəş dayandırılmır. Yanğınlar bütün bölgəyə yayılır və səhərə qədər şəhərin ən zəngin məhəlləsindəki evlərdən yalnız xarabalıqlar qalır. Şəhərin küçələrində meyitlərdən qalaqlar yaranır. Öldürmək və evlərini yandırmaq hədəsi ilə ermənilər azərbaycanlılardan onların pul və qiymətli əşyalarını alır, lakin çox vaxt pul və qiymətli əşyalarını könüllü vermələri belə azərbaycanlıları ölümdən və evlərini yandırılmaqdan xilas edə bilmirdi.

Ermənilər azərbaycanlı əhalinin qətlini eşidilməmiş və ağıla sığmaz qəddarlıq və işgəncə ilə həyata keçirirdilər. Küçələrdə əzab verilərək öldürülmüş qadınların meyitləri atılıb qalmışdı. Onların döşləri kəsilmiş, qarınları yırtılmış və ən çirkin üsullarla təhqir olunmuşdular. Küçələrdə pazlarla diri-diri yerə mıxlanmış uşaq meyitləri də atılıb qalmışdı.


Şıxminas küçəsində Sultanovun evinin həyətində insan sümükləri

Azərbaycanlıların evlərindən qarət və talan edilmiş əmlak araba və furqonlarla erməni və malakan kəndlərinə daşınırdı. Ermənilərin Şamaxı şəhərindəki bu vəhşilikləri bir neçə gün davam edir. Yalnız Gəncədən azərbaycanlı silahlı dəstələrinin Şamaxıya köməyə gəlməsindən qorxuya düşən ermənilər və malakanlar Şamaxı qəzasının Qozluçay malakan kəndinə çəkilirlər. Azərbaycanlı silahlı dəstələri onları təqib edir. Lakin onlara məlum olur ki, ermənilər və malakanların qüvvələri onlarınkından qat-qat üstündür. Ona görə də strateji mülahizələrə görə dörd gündən sonra azərbaycanlı silahlı dəstələr şəhəri tərk etməyə məcbur olurlar. Gəncədən olan silahlı dəstələrlə Şamaxının, demək olar ki, əksər müsəlman əhalisi şəhəri tərk edir. Çoxlu şəhər sakini, xüsusilə yoxsullar, xəstələr, qocalar, qarılar və uşaqlar şəhərdə qalırlar. Gəncədən olan silahlı dəstələr Şamaxını tərk etdikdən bir neçə gün sonra erməni və malakan quldur dəstələri geri qayıdaraq yenidən Şamaxını tuturlar.
Bu dəfə şəhərin talan edilməsi və əhaliyə divan tutulması əvvəlkindən daha böyük qəddarlıq, qəzəb və qaniçənliklə həyata keçirilir. Şəhərdə qalan azərbaycanlı əhali uşaqlar, qadınlar, qocalar da daxil olmaqla tamamilə məhv edilir. Küçələr, həyətlər, evlər, məscidlər meyitlərlə dolu idi. Bütün məscidlər yandırılmışdı. Bir sözlə, şəhərin azərbaycanlılar yaşayan bütün məhəllələri tamamilə xarabazarlığa çevrilmiş, bir dənə də olsa azərbaycanlı evi salamat qalmamışdı.

Ermənilərin öldürdüyü şəxslər arasında nüfuzlu şəxslər və ictimai xadimlər də var idi. Məşhur axund Hacı Cəfərqulunu xüsusi qəddarlıqla öldürmüşlər. Əvvəlcə onun saqqalını yolmuş, dişlərini sındırmış, gözlərini çıxarmış, qulaqlarını və burnunu kəsmişdilər. Ermənilərin qəddarlıqla öldürdüyü nüfuzlu şəxslər arasında şəhər hakimi Teymur bəy Xudaverdov, birinci Dövlət Dumasına Şamaxıdan deputat seçilmiş Məmmədtağı Əliyev, Hacıbaba Abbasov, Əşrəf Hacıyev, Hacı Əbdülxəlil Əhmədov, Hacı Əbdülhüseyn Zeynalov üç qardaşı ilə, Hacı İsrafil Məmmədov, Mir İbrahim Seyidov, Hacı İbrahim Salamov, Ağa Əhməd Əhmədov, Hacı Əbdülqasım Qasımov, Əyyub ağa Veysov, Zeynəb xanım Veysova, Əliabbas bəy İbrahimbəyov, Ələkbər Qədirbəyov, Əbdürrəhim bəy Ağalarov, Məhiyyəddin Əfəndizadə, Zəkəriyyə Əfəndi Mehdi Xəlil oğlu, Ziyəddin Abdullayev, Hacı Molla Həsən Zeynalov və onun arvadı, Mahmud Hacıağa oğlu, onun arvadı və oğlu və bir çox başqaları da var idi.


Şıxminas bölgəsində Cəfər-Qulu Axundovun evinin dağıntıları

Ermənilər xilas olmaq üçün axund Hacı Cəfərqulunun evinə və həyətinə pənah gətirmiş çoxlu sayda qadın və uşağı da öldürmüş və ya diri-diri yandırmışlar. Hacı axundun tamamilə yandırılmış evinin həyətində Fövqəladə Təhqiqat Komissiyasının üzvləri çoxlu xırda insan sümükləri aşkar etmişlər. Meyitlərin iri sümüklərini isə türklər 1918-ci ilin yayında erməniləri Şamaxıdan qovarkən yığıb basdırmışlar. Komissiya üzvlərinin 1918-ci ilin oktyabr-noyabrında bu barədə hazırladığı məruzədə qeyd olunurdu ki, həyətdə hələ indi də çürümüş meyitlərin qoxusu qalmaqdadır. Habelə, yandırılmış digər evlərin və məscidlərin həyətlərində çoxlu yanmış insan sümükləri də aşkar edilib.

Şəhərdə 13 məscid, o cümlədən böyük tarixi abidə olan, 743-cü ildə inşa edilmiş Cümə məscidi yandırılmışdı. Şamaxı şəhəri kimi, Şamaxı qəzasının azərbaycanlılar yaşayan 86 kəndi də ermənilərin xaincəsinə qəfil hücumlarına məruz qalmışdı.


Cümə məscidi talandan sonra

Respublikamızın dövlət arxivlərində saxlanılan yüzlərlə sənəd Şamaxı qəzasının azərbaycanlı kəndlərində ermənilərin törətdikləri vəhşilikləri də əyani şəkildə ifşa edir. Şamaxı kəndlərindən bir neçəsində ölənlərin sayı və dəymiş zərərin ümumi məbləği aşağıdakı kimidir:



Qalan bütün kəndlər üçün tərtib edilmiş aktlarda da rəqəmlər yuxarıda göstərilən qayda üzrə aparılıb. Bu aktlarda olan rəqəmlər üzrə Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 nəfər azərbaycanlını qətlə yetirmişlər ki, onlardan da 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq olub. Onlar tutduqları yerlərdə ilk növbədə evləri qarət edib yandırır, mal-qaranı isə sürüb aparırdılar. Bu vəhşilər mal-qaranı sürüb aparmağa imkan tapmadıqda tövlələrin qapılarını bağlayaraq od vurub heyvanları belə diri-diri yandırmaqdan çəkinmirdilər. Bir sözlə, onlar özlərindən sonra heç nə qoymurdular.

Bütün bu əməliyyatlara Stepan Lalayev və S.Şaumyanla yanaşı, Şamaxıda yaşayan ermənilər - keçmiş qəza rəisinin müavini Qavril Karaoğlanov, keçmiş Şamaxı poçt-teleqraf kontorunun rəisi Arşak Gülbəndiyan, Şamaxı erməni kilsəsinin hami-ktikoru Mixail Arzumanov, Şamaxıda məşhur tacir E.İvanyan, dəllək Samvel Doliev başçılıq etmişdi.


Cavad bəy və Rüstəm bəy Məmmədovlara məxsus evin dağıntıları

Sovet hakimiyyəti illərində xalqımıza edilmiş bu zülm unudulmuş, Stepan Lalayevə bəraət verilmiş, bu işin əsas təşkilatçısı olan S.Şaumyan o vaxtlar Şamaxı qəzasına daxil olmuş rayonlarda ən əziz adam kimi yad edilmişdi. Onun adı küçələrə, kolxozlara verilmiş, şəkilləri idarələrimizdə ən görkəmli yerlərdən asılmışdı.

Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayı haqqında müxtəlif məlumatlar mövcuddur. Bəzi məlumatlarda öldürülənlərin sayı 7 min, bəzilərində 8 minə qədər, bəzilərində 8-12, bəzilərində isə 40 minə qədər olduğu göstərilir. 1920-ci ildə mühacir ədəbiyyatında öldürülənlərin sayı bir mənbədə 12 minə qədər, digər bir mənbədə isə 17 min nəfər olduğu göstərilir.

(Məqalədə vikipediya mənbələrindən istifadə olunub.)

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Şamaxı   #mart   #soyqırım   #erməni  

Oxunub: 8391