Tərsinə axan çay, 3000 illik "Musa ağacı"... - Türkiyənin Hatay bölgəsindən REPORTAJ


16:00     18 Mart 2019 2019/03/vefa11_1552910564.jpg

Hataya getmək səbəbim gəzmək deyildi. Anadolu Yayıncılar Dərnəyinin təşkil etdiyi bir qurultayla bağlı idi. Qurultay haqqında da yazmayacağam, çünki həmin ərəfədə Türkiyə mediası çox yazdı, çox anlatdı. Mənim isə yeyib içdiklərim özümə qalsın demirəm, sırf gəzdiyim-gördüyüm-yediklərim haqqında hər şeyi oxucuma çatdırmaq istəyirəm.


Öncə Hatay (Antakya) haqqında kiçik bir özət keçim. Hatay Türkiyənin cənubunda, Aralıq dənizi sahilində və Suriya sərhədində yerləşir. E.ə 300-cü ildə Makedoniyalı İsgəndərin sərkərdəsi Selevk I Nikator burda şəhər salmış və həmin şəhərə atası Antioxun adını vermişdir. 1516-cı ildə türklər şəhəri aldıqdan sonra onu Antakya adlandırmışlar. 23 İyul 1939-cu ildə Hatay dövlət olaraq müstəqilliyini ləğv edərək, Türkiyə Cumhuriyyətinin tərkibinə qatılmışdır. Şəhər Asi çayının sahilində yerləşir.

Asi çayı Anadoluda tərsinə axan yeganə çay kimi tanınır. Hava limanından axşam saatlarında çıxdıq. Qaranlıq və duman olduğundan ətrafdan ertəsi gün xəbərimiz oldu. Yanvarın 17-si yağan leysan yağış nəticəsində Hatay hava limanının ətrafı, sağı-solu su içərisində idi. Bir tək maşınların gedib gəlməsi üçün şosse yolu açıq idi. Və ən pisi orda qalacağım üç gün ərzində havanı leysan yağışlı proqnoz etmişdilər. Bəxtimizdən Aralıq dənizi sahilinin qışı yumşaq keçir də, yağışa birtəhər dözdük. Bizim gəzmək həvəsimizi yağış öldürə bilərmi? Əsla

Növbəti gün Hatayın ən tanınmış restoranı olan "Konak" restoranına getdik. Hələ İstanbulda yaşayarkən favori yerim olan Hatay mətbəxinin tam mərkəzinə düşmüşdüm. Türkiyə ilə uzaqdan yaxından əlaqəsi olanlar bilirlər ki, Hatay adı ilə başlanan və bitən restoranlar İstanbulda ən brendi və ən bahalılarıdır. Səbəbi sadədir. Türkiyənin ən məşhur və zəngin mətbəxi Hatay mətbəxidir. Hatay 31 Oktyabr 2017-ci il tarixindən etibarən Yuneskonun "Yaradıcı şəhərlər" şəbəkəsinin siyahısına daxil edilərək 26-cı Qastronomiya şəhəri adını almışdır.

Qeyd: Həmin il Azərbaycanın Şəki şəhəri də "sənət və sənətkarlıq"tematikası üzrə "Yaradıcı şəhərlər" siyahısına salınmışdır.

Yəni qısası, yeyib-içmək istəyən insanların tək məkanı Hatay olaraq seçilməlidir. Mən dadlı yeməkləri sevirəm. Türkiyənin ona yaxın şəhərində olmuşam, ən dadlı yeməkləri Hatayda gördüm. Hatay mətbəxinin 600 çeşid yeməyi var. Hamısını təbii ki yeyə bilməzdim, humus yedim, çox dadlı idi, zeytun əzmə salatı,qozlu acı bibər salatı, abuğannuç (bizim tərəvəz kabab əzməsi kimi), Ali Nazik, qatıqlı bibər salatı ən sevdiyim soyuq qəlyanaltılar oldu. Hərəsindən bir qaşıq daddım. Hatayın içli köftəsindən və çiy köftəsindən dünyanın heç bir yerində dadmaq mümkün deyil. Sirkəcidəki Əli Ustanın adı çıxıb Mən onun çiy köftəsini sevmirəm, Eskişehirdə adi restoranda ondan daha dadlı verirlər. Künəfənin ilk və tək vətəni Hataydır. Antakya künəfəsi Türkiyənin hər yerində brenddir. Hə bir də bizim qoz mürəbbələrindən... (Lemye xanımın əllərinə sağlıq).





Bildiyimiz və bilmədiyimiz bütün ədviyyatların məskənidir Hatay. Zeytun yağı, xırda zeytunun özü, pendir növləri, nanə, darçın, pulbibər, sumax, mixək, zahter, çörəkotu, reyhan və s. ən təbiisi ordadır. Bu arada Hataya gedə bilməyənlər İstanbulda Aksaray metrosunun yanında Haskral Hatay restoranında həmin künəfədən dada bilərlər. Bir porsiyası bizim pulla 5 manatadır. Dünyanın heç yerində belə künəfə dada bilməyəcəksiniz.





Hatay-tarix və mədəniyyət şəhəridir. Hataya gedən orda yerləşən Mozaika Muzeyini mütləq gəzməlidir. Bildiyimiz möcüzələr aləmi. Dünyanın üç ən böyük Mozaika Muzeyindən biridir bu muzey. Muzeydə Paleolit dövründən başlayaraq bütün dövrlərə aid kolleksiyalar sərgilənir. Muzeyi izahlı şəkildə 8 saatdan tez tərk eləmək mümkün deyil. Kral Şippiluliumanın heykəli hamıya əyləncəli gəlir, gözləri isə adamı istər-istəməz güldürür. Muzeydə müxtəlif mozaikalar, lahitlər(qəbirlər) ilə yanaşı yüzlərlə kolleksiyalar var. Tur rəhbərimiz Burçak Altunay(sağolsun) Dəfnənin hekayəsini iki-üç dəfə elə gözəl anlatdı ki, mən uşaqlıqda Göyçayda həyətimizdə bitən dəfnə ağacının tarixini sevdim. Hatayda insanlar dəfnə ağacının meyvələrindən sabun düzəldirlər, oranın qızları dəfnə sabununu dünyanın heç bir şampununa dəyişməzlər məsələn. Bir dənəsi var məndə evdə, gedəndə yenə alacam.Çəki ilə satırlar. Bizim pulla kilosu 10 manat. Mozaika Muzeyindən çıxıb dünyanın ilk kilsəsi kimi qəbul edilən Sent Pyer kilsəsinə üz tutduq. Qaranlığa və yağışa düşməyimizə baxmayaraq, ayağımız dolaşa-dolaşa pilləkənləri çıxıb tarixi kilsəni gördük. Sent Pyer "Xristian" sözünün ilk dəfə işlədildiyi kilsə olaraq, Xristianların Həcc ziyarətinin qəbul olunması üçün vacib sayılan üç müqəddəs yerdən biri sayılır.



Kilsədən çıxıb "Həbib Nəccar" məscidinə getdik. Bu məscid 638-ci ildə Antakyanın müsəlman ərəblər tərəfindən hakimiyyət altına alındığı zaman inşa edilmişdir. Anadoluda ilk cami(məsçid) olaraq qəbul edilmişdir. Növbəti gün səhər yeməyinə Ak Partiyasının Hatay şəhər Bələdiyyə sədrliyinə namizəd İbrahim Gülərin dəvəti ilə Antakyanın qədim tarixə malik Savon otelinə getdik. Keçmişdə bir sabun və zeytun yağı fabriki olan bu tikili 1960-cı ildə emalatı dayandırıb, 2001-də başlayan restavrasiya ilə 2003-cü ilin may ayında qapılarını turistlərin üzünə açmışdır. Çox yerə gedə bilməsək də, ən çox sevdiyin yerlərdən biri Samandağ oldu. Samandağ Kəl dağı ilə Musa dağının Aralıq dənizi ilə qucaqlaşdığı, antik bir şəhərdir. Samandağda eyni Azərbaycandakı kimi ziyarətgahlar var. Bunlardan ən məşhuru Hz. Hızır və Hz. Musanın görüşdüyü və burdan dənizə açıldıqları rəvayət olunan müqəddəs ziyarətgahdır.





Tur rəhbərimiz Türkiyə mediasına deyəndə ki, burda daşı öpürlər, görəndə çaşıb qalmayın, mən artıq bildim nədən söhbət gedir. Bizim üzərlikdən xəbərləri yoxdur təbii ki, amma bunlarda da buxur deyilən üzərliyə bənzəyən nəsə var, hamı yığılmışdı başına, içi mən qarışıq. Uzun Çarşı deyilən yerə gedə bilmədik, yağışa görə Titus tunelinə gedə bilmədik, İsgəndərun-Arsuz yay turizminə aid olduğu üçün, Harbiyə də vaxt azlığından gəzilmədi. Amma Hıdırbəy-Musa Ağacı yəni, 3000 illik ağacın Musa peyğəmbərin əsasını yerə vurmaqla yaratdığı bulaqdan da su içdim , bizim narınginin qat-qat dadlı variantı olan turuncunun dadından doymadım. Növbəti dəfə Hataya gedəsi olsam yarımçıq qalan yerlərə mütləq gedəcəm. Bu arada yuxarıda yazılan yeməklərin hazırlanma qaydası məndə olan kitablarda var... Kimə maraqlıdırsa, verə bilərəm.

Daha maraqlı yazılar diləyi ilə...

"Anadolu Yayıncılar Dərnəyi"və "ABBA Turizmə" dərin minnətdarlığımı bildirirəm.






Vəfa Orxan, Hatay
Femida.az

Açar sözlər:

Oxunub: 2756


Oxşar xəbərlər