Dağlıq Qarabağda Novruz şənliyi keçirilib - Fotolar

Dağlıq Qarabağda Novruz şənliyi keçirilib - Fotolar


17:16     18 Mart 2019


“...Biz öz torpağımızda yaşayırıq, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycana məxsus olan ərazidir, torpaqdır. İndi biz sizinlə bu torpaqda – işğalçılardan azad edilmiş torpaqda görüşürük. Burada Azərbaycan vətəndaşları yaşayacaq və Azərbaycan bayrağı dalğalanır”. Prezident İlham Əliyev bu sözləri il yarım əvvəl Tərtər rayonunda Şıxarx qəsəbəsində 1170 məcburi kö çkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin açılışı zamanı deyib.

Burada ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə köçürülməsini sübut edən tarixi mənbələrdən biri olan, 1978-ci ildə ermənilərin özləri tərəfindən inşa edilmiş “Marağa-150” abidəsi yerləşir. Məhz həmin tarixdən 150 il əvvəl onlar İran Marağasından Qarabağa köçürülüblər. Sonralar növbəti ərazi iddiaları irəli sürərkən ermənilər abidəni qəsdən dağıdıblar. Lakin bu ərazi işğaldan azad edilib və mühüm tarixi-siyasi əhəmiyyət daşıyan abidənin ətrafında bərpa işləri aparılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Beynəlxalq Muğam Mərkəzinin, Tərtər və Ağdam rayonlarının icra hakimiyyətlərinin dəstəyi ilə Şıxarxda – vaxtilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisi olan qəsəbədə təntənəli Novruz şənliyi keçirib. Bayram tədbiri rəsmi qonaqların və ictimaiyyət nümayəndələrinin “Marağa-150” abidəsinə baş çəkməsi ilə başlayıb.

Dövlət Komitəsinin sədri qəsəbədə müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb, onların müraciətlərini dinləyib. Bütün müraciətlər qeydə alınıb. Sonra qəsəbədə yaşayan Ağdam rayonunun Qiyaslı kəndindən məcburi köçkün, ahıl qadın Pakizə Məmmədovanın mənzilinə baş çəkilib, ailənin problemi ilə yerindəcə maraqlanılıb. P.Məmmədovanın oğlu Cahid Məmmədovun məşğulluqla bağlı müraciətinə baxılacağı və müvafiq tədbir görüləcəyi bildirilib.

Dövlət Komitəsinin sədri sonra Laçın rayonunun Hoçaz kəndindən məcburi köçkün Ceyhun Cəlilovun toyunda iştirak edib, yeni ailə quran gənclərə xeyir-dua verib.

Daha sonra rəsmi qonaqlar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə bayram tədbiri başlayıb. Tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, MKSİF-in direktoru, millət vəkili Mahir Abbaszadə, Milli Məclisin deputatı Qənirə Paşayeva, Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və başqaları iştirak edib. Qəsəbədə xüsusi olaraq ayrılmış sahədə Novruz adət-ənənələri nümayiş olunub. Tərtər və Ağdam rayonlarının mədəniyyət işçiləri çıxışlar edib, Dədə Qorqud öyüd-nəsihətləri, bayram duaları, təbrikləri, Kosa və Keçəl duzlu-məzəli zarafatları ilə tədbiri şənləndirib.

Tədbir iştirakçıları Qarabağ mətbəxinin Novruz təamlarına – plov, səməni halvası, şəkərbura, paxlava, qovurğa və s.-yə qonaq edilib.

İşğaldan azad edilmiş torpaqda bayram tonqalları qalanıb.
Bayram şənliyi Bakıdan gəlmiş muğam ustalarının konserti ilə başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 269