Qız üstündə iki qardaşı güllələyən şəxsin MƏHKƏMƏSİNDƏN


02:35     27 Oktyabr 2015 4cb141bee67c18.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki qardaşı öldürməkdə təqsirli bilinən Zaur Tərlanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Femida.az-ın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfinin vəkilinin verdiyi vəsatət müzakirə olunub.
Bu zaman zərərçəkmişin hüquqi varisinin nümayəndəsi Ceyhun Yusifov vəsatətlə çıxış edib. O, vəsatətində hadisə olan zaman Qaradağ polis əməkdaşı Anar Şahverdiyevin qanunsuz əməlindən danışıb. Vəkil bildirib ki, hadisəni törədən Zaur Tərlanovun polisə könüllü gəlmədiyini qeyd edib. Ceyhun Yusifov Zaur Tərlanovu Qaradağ rayon post-patrul xidmətinin əməkdaşları Rauf Əsədullayev və Elşad Əliyev tərəfindən saxlandığını bildirib. Vəkil hər iki polis əməkdaşının məhkəməyə gətirilərək ifadə verməsini istəyib.
Məhkəmə vəsatətləri müzakirə etmək üçün müşavirə otağına yollanıb. Müşavirədən qayıdan hakimlər kollegiyasının qərarına əsasən müdafiə tərəfinin vəkilin verdiyi vəsatət qismən, nümayəndə Ceyhun Yusifovun verdiyi vəsatət isə təmin edilib. Məhkəmənin qərarı ilə İlham Tərlanov, Rəsul Abdullayev Qəhrəman Nəcəfov Rauf Əsədullayev və Elşad Əliyev şahid siyahısına əlavə edilib.
Prokuror prosesdə ittiham aktını elan edib. Bu zaman zərərçəkmiş şəxsin nümayəndəsi Ceyhun Yusifov ittiham aktının tərtibinə etiraz edib. Vəkil ittiham aktının mahiyyətini aydın olmadığını bildirib. “ Burda iki nəfəri öldürən şəxsin ittihamı yazılmayıb, elə bir bəy tərifidi. Hər şeydə ölən tərəfi günahkar tuturlar. Xahiş edirəm protokola yazılsın ki, zərərçəkmiş tərəfə ittiham aydın deyil”.
Təqsirləndirilən Zaur Tərlanov ona qarşı verilən ittiham üzrə özünü təqsirli hesab eləməyib.
O, məhkəmədə sərbəst ifadə verib. Təqsirləndirilən şəxs ifadəsində iki qardaş tərəfindən dəfələrlə təhqir olunduğunu bildirib. “Mənim yerimdə kim olsaydı, bu hadisəni törədərdi. 4 ay mən hər gün təhqir olunmuşam. Anam, bacım, atam, var-yoxum söyülüb hər gün. Dəfələrlə qabağımı kəsiblər. Mənim balacasıyla münasibətim olub. Oturub, yeyib içmişik. Toylarına cağırıblar, canla-başla iştirak etmişəm. Cavid Rəhimovla çayxanada tanış olmuşuq. Banka düzəlmək istəyirdi, mənə müraciət etdi. Dedim köməklik edərəm. Özüm Sahil qəsəbəsində bankda işləmişəm. Oğlanlarından qabaq anaları Nigar Rəhimovanı tanıyrıdım. Bizim banka gəlib gedirdi. Dəfələrlə kredit alıb. Deyirəm də balaca oğlu ilə münasibətim olub. Amma böyük oğlunu tanımamışam. Tanımaqda istəməzdim. Yaxşı şey eşitməmişdim”.
Bu zaman ara qızışıb. Nigar Rəhimova ilə Zaur Tərlanov arasında mübahisə düşüb. Hakim məhkəmədə iştirak edən şəxsləri sakitliyə səsləyib.

Zaur Tərlanov ilk öncə ifadə verməkdən imtina edib. “Mən ifadə vermirəm, ümumiyyətlə. Yadıma düşəndə danışaram. Yadımdan çıxıb hər şey”.

Prokuror Zaur Tərlanova suallar verib. Zaur Tərlanov hadisə bağlı qaranlıq məqamların olduğunu qeyd edib. “Qəsəbədə yerləşən “Fərəh” çayxanasında oturmuşduq. Cavid zəng elədi ki, pul lazımdı bəs, “Tissot” saatımı və idman velosipedimi satıram. Dedim alıram, apar bizə qoy”.

Məhkəmə zalında yenidən ara qızışıb. Tərəflər arasında mübahisə düşüb. Təqsirləndirilən şəxs zərərçəkmiş tərəfin vəkilini təhqir edib.

O, ifadə verməyə davam edib. “ Çayxanadayadım. Dostum Anarla çay içirdim. İki qardaş içəri girdi. Məcburən mənimlə söhbətləri olduğunu və dəniz qırağına getməyimi bildirdi. Məni təhqir etdilər, ağızlarına gələni dedilər. Maşınlara minib dal-qabaq dəniz qırağına getdik. Bizim tərəfdə zavod yolu var. Ora çatanda maşını saxladıq. İki qardaş maşından düşüb üzərimə gəldi. Nə qədər elədilər maşında düşmədim. Qapıları bağladım. Məni söydülər. Qıraqdan polis maşını və sakinlər keçirdi. Heç kimə köməyə gəlmədi. Axırda əlacım yoxuydu. Aldatdım ki, gedin, özüm düşüb gəlirəm. Maşında silahım vardı. Dayımın ferması vardı. Ora gedəndə istifadə edirdim. Silahı qanuni şəkildə almışdım. Düşdüm. Məqsədim öldürmək deyildi. Qorxuzmaq idi. Sonrası yadımda deyil. Bir orası yadımda ki, ordan gələndə polis maşını gördüm. Saxladım. Qalan heç nə yadımda deyil”.

Təqsirləndirilən şəxs vəkillərin suallarını cavablandırıb. O bildirib ki, böyük qardaş Cahidin dəlilik kağızı olub. “O, dəfələrlə çayxanada məni öldürəcəyini deyib. Özü də bildirib ki, danışmışıq, məsələni 300 minə bağlayacağıq”.
Məhkəmədə yenə ara qızışıb. Ölən qardaşların anası Nigar Rəhimova yerindən bildirib ki, biz kimik ki, iş bağlayıb, açaq.
Hakim tərəflərin sakit qalmasını xahiş edib.
Təqsirləndirilən Zaur Tərlanov hadisə vaxtı qardaşların birinin əlində tapanca, birinin də bıçaq olduğunu iddia edib. “ Mən müstəntiqə deyirdim, müstəntiq isə deyir ki, hadisə yerindən nə bıçaq, nə tapanca tapılıb. Məni onlar dəniz qırağına öldürməyə aparırdılar”.

Məhkəmə prosesi noyabrın 2-də davam edəcək.


Qeyd edək ki, hadisə keçən il yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində baş verib. Orda yaşayan Zaur Tərlanov aralarında yaranmış mübahisə zəminində özünə məxsus “Vinçester” markalı odlu silahdan Sahil qəsəbəsinin girişində yolun kənarında dayanmış “Lexus” markalı avtomobilin içərisində oturmuş həmin qəsəbə sakinləri Cavid Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq onları qəsdən öldürüb hadisə yerindən qaçıb. Daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalar zamanı hadisənin qız üstündə baş verdiyi bildirib.

Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Z.Tərlanov tutularaq istintaqa cəlb edilib.(Lent.az)

Açar sözlər:

Oxunub: 1378