“Bu adamlar “beşinci kolon” nümayəndələridir” - Mübariz Qurbanlı


16:47     19 Mart 2019 mubariz%20q.jpg

Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi ümumbəşəri və mütərəqqi ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə fərqlənir. Digər tərəfdən, milli-mənəvi dəyərlərimizin qorunması, təbliği əsas məsələlərdən biri kimi hər bir azərbaycanlının qarşısında duran mühüm vəzifələrdəndir.


Femida.az xəbər verir ki, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Komitə sədri bildirib ki, tarixi şəxsiyyətlər də bizim milli-mənəvi dəyərlərimizdir.

"Onların irsinin qorunması və nəsillərə ötürülməsi də bu baxımdan müstəsna əhəmiyyətə malikdir. Azərbaycan dövləti bu istiqamətdə ardıcıl və məqsədyönlü iş aparır. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən işlər də bu baxımdan xüsusi qeyd edilməlidir".

M.Qurbanlı qeyd edib ki, milli maraqlara zidd mövqe tutan, ermənilərin maraqlarının müdafiəçisinə çevrilmiş anti-milli ünsürlər, "beşinci kolon" nümayəndələri Azərbaycan xalqını, onun milli-mənəvi dəyərlərini hədəfə alırlar, təhqir kampaniyası aparırlar.

"Onlar Azərbaycan xalqının milli xüsusiyyətlərinə, tarixi şəxsiyyətlərimizə qarşı təhqiramiz fikirlər səsləndirməklə əsl simalarını ortaya qoymuş olurlar. Şübhəsiz ki, anti-Azərbaycan dairələrin alətinə çevrilmiş bu ünsürlərin təhqir kampaniyası cəmiyyətdə böyük hiddət və narazılıqla qarşılanır. Cəmiyyət nümayəndələri bu cür kampaniyaların məhz ermənipərəst dairələrin sifarişi əsasında həyata keçirildiyini bilir, "sapı özümüzdən olan baltalar"ın çirkin əməllərinin yolverilməz olduğunu qətiyyətlə ifadə edir".

Komitə sədri əlavə edib ki, "beşinci kolon" anlayışı İspaniyada Franko rejimi ilə respublikaçılar arasında baş verən müharibə zamanı meydana gəlib.

"Bu anlayış xarici qüvvələrlə əlbir olaraq öz millətinə, dövlətinə xəyanət edən qrupları təsvir etmək üçün istifadə olunur. Yəni bu qüvvələr düşmənlə sinxron hərəkət edərək antimilli mövqedən çıxış edirlər. Tarixdə bu barədə çoxsaylı nümunələr mövcuddur. Çox təəssüf ki, Azərbaycanda da milli maraqlara zidd mövqe nümayiş etdirən belə marginal qruplar olub və bu gün də var. Eyni zamanda, Azərbaycanda ictimai, siyasi, elmi, mədəni və digər sahələrdə heç bir uğur əldə edə bilməyən, xaricə gedərək anti-Azərbaycan dairələrlə birlikdə ölkəmizə qarşı ideoloji təxribatlarda iştirak edən adamlar məhz "beşinci kolon" nümayəndələridir. Elə ölkə daxilindəki xəyanətkar ünsürlərin də antimilli əməlləri göz önündədir. Üstəlik, onların erməni lobbisi, xaricdəki erməni təşkilatları ilə əlaqələrinin olmasına dair məlumatlar da var".

Femida.az

Açar sözlər:

Oxunub: 336