ASAN xidmətə yeni sədr müavini təyin olunub

"ASAN xidmət"ə yeni sədr müavini təyin olunub


17:11     19 Mart 2019 2019/03/ceyhun_salmanov_190319_1553001083.jpg

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ceyhun Salmanov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini vəzifəsinə təyin olunub.


Bu barədə Femida.az-a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Ceyhun Akif oğlu Salmanov 22 dekabr 1986-cı ildə anadan olub.

Ceyhun Salmanov 2004-2008-ci illərdə Bakı Dövlət Universitetində iqtisadi kibernetika ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında ABŞ-ın Corciya Dövlət Universiteti ilə müştərək həyata keçirilən MBA (Biznesin təşkili və idarəedilməsi) istiqaməti üzrə magistr təhsili alıb. Həmçinin 2015-2016-cı illərdə Birləşmiş Krallığın London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) İnformasiya Sistemləri və Rəqəmsal İnnovasiyaların İdarə olunması ixtisası üzrə magistr təhsilini davam etdirib.

2010-2012-ci illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Aparatının Dövlət aparatının maliyyəsi şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

19 noyabr 2012-ci il tarixdən 27 avqust 2013-cü il tarixinədək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sosial innovasiyalar və strateji araşdırmalar şöbəsinin Strateji araşdırmalar sektorunun müdiri, 27 avqust 2013-cü il tarixindən isə Dövlət Agentliyinin Elektron hökumət və rəqəmsal innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb.

Həmçinin 20 iyun 2018-ci il tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müşaviri vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini vəzifəsinə təyin olunub.
İngilis, rus dillərini bilir.
Ailəlidir, 2 övladı var.


Femida.az

Açar sözlər:

Oxunub: 131