Mart ayı üzrə bütün pensiya və sosial müavinətlər artımla ödənilib


19:12     19 Mart 2019 004m0mlhn2bq5amjo0ejku1lg0emek-ve-sosial-mudafie-nazirliyi.jpg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mart ayı üzrə bütün sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin ödənilməsi təmin edilib.

Nazirlikdən Femida.az-a verilən məlumata görə, hazırda 500 mindən artıq şəxsə müavinət və Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri ödənilir. Onların hər birinin bu ay üzrə müavinət və təqaüdləri hesablarına köçürülüb.

Təcrübədə ilk dəfə olaraq mart ayı üzrə bütün sosial müavinət və təqaüdlərin pensiyalarla bərabər martın 19-dək maliyyələşdirilməsi işləri yerinə yetirilib.

Qeyd edək ki, hazırda əlilliyə, yaşa, ailə başçısını itirməyə görə aylıq sosial müavinət ödənilir. Həmçinin sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, müharibə veteranları, beşdən çox uşağı olan qadınlar, müddətli hərbi xidmət qulluqçularının uşaqları, ünvanlı dövlət sosial yardımı ilə təmin edilən aztəminatlı ailələrdəki bir yaşadək uşaqlar və qanunvericilikdə nəzərdə tutulan digər şəxslər aylıq sosial müavinət alırlar.

Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri ilə təmin olunanların sırasına isə Azərbaycan Respublikasının Milli Qəhrəmanları və ya onların ailə üzvləri, şəhid ailələri, müharibə əlilləri və onlara bərabər tutulanlar, İkinci Dünya müharibəsi iştirakçıları, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar, ümumi səbəblərdən I qrup əlilliyi olanlar, Azərbaycan Respublikasının fəxri adlarını alanlar və qanunvericilikdə nəzərdə tutulan digər vətəndaşlar daxildir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiyaçıların maraqlarına uyğun olaraq onların mart ayı üzrə pensiyalarının qrafikdən əvvəl, Novruz bayramına qədər ödənişini tam təmin edib.

Bildirilib ki, bu istiqamətdə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən maliyyələşdirmə işləri artıq yekunlaşıb.

Eyni zamanda dövlət başçısının humanist təşəbbüsü əsasında qəbul olunan qanunla əmək pensiyasının minimum məbləği 38,5 faiz artırılaraq mart ayının 1-dən 160 manata çatdırılıb. Bu artım 233 min pensiyaçını (o cümlədən, 140 min nəfər əlilliyə görə pensiya alan vətəndaşı) əhatə edir ki, həmin insanların da pensiyalarının məbləği yeni artımla birgə onların hesablarına köçürülüb.


Femida.az

Açar sözlər:

Oxunub: 903