Azərbaycanda Novruz bayramı qeyd olunur


09:00     20 Mart 2019 19_03_20_1553059109.jpg


Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur.


Femida.az xəbər verir ki, Şamaxı Astrofizika Rəsədxanasının məlumatına əsasən, yazın Azərbaycana gəlişi martın 21-i saat 01:58-ə təsadüf edəcək və bu zaman gecə-gündüz bərabərliyi qeydə alınacaq. Buna görə də martın 20-si bayram günü hesab olunur.

Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir. Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Novruz bayramının mənşəyi qədimdir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Bəzi qədim inanclara görə, kainat 4 ünsürdən — su, od, torpaq və küləkdən yaranıb. Məhz bu səbəbdən də hər il Novruz bayramından əvvəl 4 çərşənbə qeyd olunur.

Novruz bayramının özünəməxsus adət-ənənələri var: qulaq falına çıxmaq, tonqalın üzərindən tullanmaq, səməni yetişdirmək, səməni xonçaları bəzəmək, yumurta döyüşdürmək, qonaq getmək, şam yandırmaq, yallı getmək və s.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, martın 20-dən 27-dək ölkədə qeyri-iş günüdür.

Femida.az

Açar sözlər: #Novruz   #bayram  

Oxunub: 1113