Azərbaycan-Türkiyə hərbi təlimlərindən yeni görüntülər (VİDEO)


00:44     17 May 2015 azerbaijan_turkey_herbi_telim_150515_04.jpg

Azərbaycanla Türkiyə Silahlı Qüvvələrinin birgə təlimləri davam edir. Naxçıvanda keçirilən təlimlər çətin döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə yadda qalıb. Bir neçə bölmə qarşılıqlı uzlaşma şəraitində müxtəlif döyüş tapşırıqları icra ediblər.


Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimləri Naxçıvanda davam edib. 1000 nəfərdən artıq şəxsi heyət müxtəlif döyüş tağşırıqlarını uğurla yerinə yetirib. Təlimlərə 150-dən artıq döyüş və digər texnika, 50-ə yaxın artilleriya və reaktiv qurğu, 4 atəş dəstək vertolyotu, 6 ədəd zenit-raket qurğusu cəlb edilib. Əsas məqsəd Silahlı Qüvvələr arasında təcrübə mübadiləsi aparmaqla yanaşı, həm də koordinasiyanı inkişaf etdirmək olub.

Təlimlər göstərib ki, Azərbaycan və Türkiyə Silahlı Qüvvələri istənilən döyüş tapşırığını uğurla yerinə yetirə bilər. Birgə əks-hücum əməliyyatlarının təşkili və aparılması, zirehli qrupların düşmənin müdafiə xəttini yarmaqla təyin olunmuş istiqamətdə əlverişli həddi ələ keçirməsi tapşırıqları xüsusi peşəkarlıqla həyata keçirilib.

Taktiki-hava desantı düşmən bölmələrinin arxasına atılaraq yüksəklikləri ələ keçirib. Sonra hücumda olan qoşunların dəstəyi üzrə hava-hücumundan müdafiə qoşunlarının qarşılıqlı fəaliyyətinin öyrənilməsi ilə bağlı tapşırıqlar yerinə yetirilib. Bu mərhələ də müvəffəqiyyətlə başa çatıb.

Növbəti ağır tapşırıqlardan biri də motoatıcı və tank bölmələrinin, raket və artilleriya qurğularının, eləcə də zenit-raket və vertolyotların döyüş atışlarını həyata keçirməsi olub. Ssenariyə əsasən hava hücumundan müdafiə bölmələri zenit-raket kompleks vasitələri ilə dövlət sərhədini pozan şərti düşmən təyyarələrini məhv edib. Hərbi birləşmələrimiz yaylım atəşli reaktiv silahlar vasitəsilə hücuma keçən düşmənin idarəetmə məntəqələrini, canlı qüvvəsini, döyüş texnikalarını, artilleriya və minaatan batareyalarını zərərsizləşdirib, dayaq məntəqələrini və qovşaqlarını dağıdıb.

Sonra atəş dəstək və döyüş-nəqliyyat vertolyotlarının müşayiəti ilə düşmən müdafiəsinin yaxın dərinlikdəki zirehli obyektlərinə zərbələr endirilib və düşmən üzərində atəş üstünlüyü əldə edilib. Sonda hərbi vertolyotlar səmada Azərbaycan və Türkiyə bayraqlarını nümayiş etdirib, ümummilli lider Heydər Əliyevin "Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" fikirləri səsləndirilib. (TTV)

Açar sözlər:

Oxunub: 1257