Məhkəmə qətldə təqsirləndirilən qadının cəzasını azaldıb


17:59     23 Mart 2019 1398947325_mehkeme3.jpg


Sumqayıt Apellyasiya Məhkəməsində adam öldürməkdə təqsirləndirilən sevgililərin - Eşqin Rəsulov və Ramella Əlmuradovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, R.Əlmuradovanın apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, R.Əlmuradovanın 17 il müddətinə azadlıqdan məhrumetmə cəzası 16 ilə endirilib.

Qeyd edək ki, qətl 2017-ci ilin noyabrında Quba rayonu Alpan kəndində baş verib. E.Rəsulov uşaqlıq dostu Anar Balayevi qeyri-rəsmi yaşadığı R.Əlmuradovanın evinə çağırıb. Onlar birlikdə spirtli içki qəbul ediblər. Daha sonra dostlar qumar oynamağa başlayıblar. Qumar zamanı A.Balayev E.Rəsulovu təhqir edib. Bu zaman E.Rəsulov A.Balayevi yerə yıxaraq yumruq-təpik zərbələri vurmağa başlayıb.

Ciddi müqavimət görən E.Rəsulov R.Əlmuradovadan dostunun əl-qolunu bağlamaq üçün ip istəyib. Qadın da ipi gətirərək A.Balayevin əl-qolunu bağlayıb. O, köməksiz vəziyyətdə qalan A.Balayevi yumruq-təpik zərbələri vuraraq qətlə yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Rəsulov 18 il, R.Əlmuradova isə 17 il müddətinə azadlıqdan məhrum olunublar. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 357