Parlamentin növbəti iclasının vaxtı məlum oldu


21:50     25 Mart 2019 milli-meclis211.jpg

Milli Məclisin (MM) növbəti plenar iclası martın 29-da keçiriləcək.

Oxu.Az-ın MM-dən əldə etdiyi məlumata görə, iclasın gündəliyinə 26 məsələ daxildir.

İclasda bir çox qanunlara dəyişiklik nəzərdə tutulub.

İclasda ilk öncə “Azərbaycan Respublikasının Milli Məclisinin İnsan hüquqları komitəsinin üzvünün seçilməsi haqqında” qanun layihəsi müzakirə olunacaq.

Yəni millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Naqif Həmzəyevin adıçəkilən komitəyə üzv seçilməsi məsələsinə baxılacaq və onun üzvlüyü təsdiqlənəcək.

Sonra “Ümumi təhsil haqqında” yeni qanun layihəsi müzakirə ediləcək ki, bu da sözügedən sənədin sonuncu - üçüncü oxunuşu olacaq. Qanun layihəsi geniş müzakirələr açılmadan səsverməyə çıxarılacaq və bütövlükdə qəbul olunacaq.

Bununla yanaşı, iclasda “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019) yubiley medalının təsis edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi məsələsinə baxılacaq. Qanun layihəsi ikinci oxunuşda müzakirə olunacaq.

İclasda İnzibati Xətalar Məcəlləsinə, Mülki Prosessual Məcəlləyə, “Sığorta fəaliyyəti haqqında” qanuna, Cinayət Məcəlləsinə, “Telekommunikasiya haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihələri üçüncü oxunuşda müzakirə ediləcək.

Bundan başqa, iclasda Azərbaycan Respublikasının Prezidenti və Belarus Respublikasının Prezidentinin birgə bəyanatının təsdiq edilməsi gözlənilir.

İclasda daha sonra “Hesablama Palatası haqqında”, “Banklar haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Dövlət rüsumu haqqında”, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara, eyni zamanda, Vergi və Əmək məcəllələrinə dəyişikliklər nəzərdə tutulur.

Qeyd edək ki, Vergi Məcəlləsinə dəyişiklik layihəsində buğda emalı müəssisələrinin səmərəli fəaliyyətinin təmin olunması məqsədilə kəpək istehsalı və satışının 2019-cu ilin martın 1-dən iki il müddətinə əlavə dəyər vergisindən azad edilməsi və hazırda buğdanın idxalı və satışı, buğda ununun, çörəyin istehsalı və satışına tətbiq olunan güzəştin əlavə olaraq daha bir il uzadılması nəzərdə tutulur.

MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən birinci oxunuşa tövsiyə olunan “Mediasiya haqqında” yeni qanun layihəsi də müzakirələrdən keçiriləcək.

Qanun layihəsinə görə, mediasiya - tərəflər arasında yaranmış ailə, əmək, iqtisadi və s. xarakterli mübahisənin mediatorun vasitəçiliyi ilə qarşılıqlı razılıq əsasında həllinə yönəlmiş prosesdir.

Yəni “Mediasiya haqqında” qanun bu prosesin təşkili sahəsində ictimai münasibətləri tənzimləyəcək, mediasiyanın məqsəd və prinsiplərini, həyata keçirilmə qaydalarını, mediatorun statusunu müəyyənləşdirəcək.

Açar sözlər:

Oxunub: 472