Rusiyalı KİV nümayəndələri - Milli Məclisdə


15:16     27 Oktyabr 2015 1431062529_1431061435.jpg

Parlament seçkiləri ərəfəsində ölkəmizə gəlmiş Rusiyanın aparıcı KİV nümayəndələrinin bir qrupu Milli Məclisdə olub.


Milli Məclisdən Femida.az-a verilən məlumata görə, qonaqlar parlamentin iclas zalında deputatlar üçün yaradılmış şəraitlə tanış olublar. Parlament Aparatının rəhbəri Səfa Mirzəyev onlara Milli Məclisin fəaliyyəti və inzibati binası haqqında ətraflı məlumat verib. Sonra qonaqlar Heydər Əliyev xatirə zalında Azərbaycan xalqının Ümummilli Lideri ilə bağlı eksponatlarla maraqlanıblar.

Rusiyalı jurnalistlər daha sonra Milli Məclisin Sədri Oqtay Əsədovla görüşüblər. Sədr qonaqları salamlayaraq, ölkədə keçiriləcək parlament seçkiləri ərəfəsində Azərbaycana səfər etdiklərinə görə onlara təşəkkür edib. Qeyd edilib ki, seçkiləri izləmək üçün Milli Məclis və digər müvafiq qurumlar tərəfindən bir sıra ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri dəvət olunublar. Bu, onu göstərir ki, biz Azərbaycanda demokratik və şəffaf seçkilərin keçirilməsində maraqlıyıq və bunun üçün lazım olan bütün işlər görülüb. İnsan hüquq və azadlıqlarının qorunması, demokratik cəmiyyət quruculuğu üçün ötən illər ərzində məqsədyönlü siyasət yeridilib. Azərbaycanda milli azlıqların hüquqları müdafiə olunur, dini etiqad azadlığı var. Bu gün ölkədə 3 minədək qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Məhkəmə-hüquq islahatları öz müsbət nəticəsini verməkdədir.

Sədr bildirib ki, Azərbaycan-Rusiya münasibətləri həyatın bütün sahələrində dinamik inkişaf edir. Parlamentlərarası əlaqələrimiz dövlətlərarası münasibətlərin dərinləşməsinə öz töhfəsini verir.

Spiker Azərbaycanda həmişə rus dilinə böyük hörmətlə yanaşıldığını vurğulayıb. Bildirilib ki, bu gün Azərbaycanda 335 rusdilli orta məktəb, o cümlədən bütün dövlət ali məktəblərində rusdilli bölmələr var. Bununla yanaşı, Bakıda Slavyan Universiteti, Moskva Dövlət Universitetinin və bu ildən Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir. Ölkədə rus dilində qəzet və jurnallar nəşr olunur.

Sədr qarşıdakı parlament seçkilərinin rusiyalı KİV nümayəndələri tərəfindən obyektiv işıqlandırılacağına inamını ifadə edib, jurnalistləri maraqlandıran məsələlərə aydınlıq gətirib.

Tədbirdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 742