Dərmanlarla bağlı qanun dəyişdirildi


15:02     29 Mart 2019 19_03_29_1553857405.jpg

Parlamentin martın 29-da keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub.

Femida.az xəbər verir ki, qanun layihəsi barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

O qeyd edib ki, dəyişiklik keyfiyyətsiz dərman vasitələrinin satışına qarşı mübarizənin gücləndirilməsini nəzərdə tutur.

Komitə sədrinin sözlərinə görə, belə ki, Məcəllənin 38-ci (Müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə) maddəsinin birinci bəndinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 3 ay keçənədək verilə bilər.

Ümumiyyətlə, dəyişikliyə əsasən, yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 1 il keçənədək verilə bilər.

Məcəllənin 221-ci (Dərman vasitələri haqqında qanunvericiliyin pozulması) maddəsi məsuliyyət nəzərdə tutur. Buraya bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitən, dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalı daxildir.

Layihədə 3 ay müddəti dərman vasitələri haqqında qanunvericiliyin pozulması ilə bağlı inzibati xətaların araşdırılması üçün yetərli olmadığından həmin inzibati xətalar üzrə müddət 1 ilədək uzadılıb.

Layihə müzakirədən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Açar sözlər:

Oxunub: 501


Oxşar xəbərlər