İlham Əliyev Paşinyanla görüşü barədə: Danışıqlara yeni təkan verilib


09:48     30 Mart 2019 2019/03/15538885905289325935_1000x669_1553924932.jpg

Bildiyiniz kimi, xarici işlər nazirləri bir neçə raund danışıqlar aparıblar. Görüş ona görə mühümdür ki, məsələnin mahiyyəti ilə bağlı danışıqlar prosesinə yeni start verilib. Biz etimadı, ola bilsin ki, insanlar arasında təmaslar çərçivəsində möhkəmləndirməklə bağlı məsələləri müzakirə etdik.



Bunu Azərbaycan prezidenti İlham Əliyev Vyanada Ermənistanın baş naziri Nikol Paşinlyanla görüşdən sonra TASS agentliyinə müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, bundan əvvəl ictimaiyyət nümayəndələri arasında təmaslar olub.

“Yəni, hələ bu barədə danışmaq tezdir, lakin humanitar məsələlərə gəldikdə, bu, nəzərdə tutulur. Çünki danışıqlar prosesi təbii ki, həm də humanitar aksiyalarla dəstəklənməlidir. Lakin mən hesab edirəm, əsas odur ki, danışıqların formatı dəyişilməz qalıb. Danışıqlar uzun illər olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında aparılır”, - deyə İ.Əliyev qeyd edib.

Azərbaycan prezidentinin sözlərinə görə, danışıqlar prosesinə yeni təkan verilib:

“Bu da vacibdir. Biz Minsk qrupunun həmsədrlərinin 9 mart tarixli bəyanatını, - siz yəqin ki, onunla tanışsınız, - çox müsbət qiymətləndirdik. Orada deyilir ki, danışıqlar formatının dəyişdirilməsi yalnız iki tərəfin razılığı ilə ola bilər. Azərbaycan tərəfi təbii ki, buna razılıq vermədi. Ona görə də biz prinsipcə substantiv danışıqların davam etdirilməli olduğu vəziyyətə qayıtdıq.

Xarici işlər nazirlərinə tapşırıqlar verilib. Onlar çox güman ki, nəticəyə yönələn danışıqlar prosesini davam etdirmək üçün yaxın vaxtlarda görüşəcəklər. Bizim üçün birinci yerdə beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi çərçivəsində işğaldan azad edilməsi məsələsi durur”, - deyə prezident İlham Əliyev vurğulayıb.

Açar sözlər:

Oxunub: 394