General Ermənistanla sərhəddə döyüş məntəqələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb


12:20     30 Mart 2019 19_03_30_1553934168.jpg

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev martın 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.


DSX-nin Mətbuat Mərkəzindən Femida.az-a verilən məlumata görə, səfər çərçivəsində yerli ictimaiyyət nümayəndələri ilə görüşlər keçirilib, dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi məqsədilə sərhədçilərə göstərilən hərtərəfli dəstəyə görə minnətdarlıq bildirilmiş, bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub.

Dövlət Sərhəd Xidmətinin rəisi Qazax rayonunun icra hakimiyyətinin başçısı və yerli ictimaiyyət nümayəndələri ilə birgə təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrində olub, burada aparılan mühəndis təminatı və döyüş mövqelərinin möhkəmləndirilməsi işlərinə yerində baxış keçirmiş, zabit və əsgərlərlə söhbət aparıb, xidməti-döyüş fəaliyyətinin nəticələri haqqında məruzələri dinləyib.

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişlərinə uyğun olaraq xidməti ərazidə müasir sərhəd mühafizə infrastrukturunun formalaşdırılması, şəxsi heyət üçün lazımi xidməti və məişət şəraitinin yaradılması, hərbi hissələrdə və bilavasitə təmas xəttində yeni xidməti binaların və əsgər kazarmalarının inşa edilməsi istiqamətində görülən işlərin gücləndirilməsi barədə tapşırıqlar verilib.

Səfər çərçivəsində Dövlət Sərhəd Xidmərinin rəisi və digər vəzifəli şəxsləri mart ayının 26-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatı nəticəsində Füzuli rayonu istiqamətində şəhid olmuş Qazax rayonunun Yuxarı Salahlı kənd sakini əsgər Əlləzov Əlləz Ələddin oğlunun yas mərasimində iştirak edib, əsgərin valideynlərinə başsağlığı veriblər.

Açar sözlər:

Oxunub: 565