Uşaq pulu ilə bağlı AÇIQLAMA: "Maliyyə imkanları var"


11:41     01 Aprel 2019 manat65.jpg


"Azərbaycanda uşaq pulunun bərpası ilə bağlı maliyyə təminatı var. İqtisadi və Sosial İnkişaf Mərkəzi bu barədə mexanizm hazırlayan zaman onun real və rasional olmasına çalışıb”.


Femida.az xəbər verir ki, bu sözləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bütün növ yaş qrupları təhlil edilib, tələb olunan maliyyə və eləcə də onun mənbələrini müəyyənləşdirilməklə yanaşı bu ödənişlərin istehlak bazarında qiymətlərə təsirinin optimallaşdırılması ayrıca qiymətləndirilib.

"Bizim mexanizmin özəlliyi məhz büdcədə ağırlıq yaratmadan və istehlak bazarında qiymət tarazlığını pozmadan 2 milyon 614 min vətəndaşımıza aylıq ödənişin həyata keçirilməsinin mümkünlüyünün əsaslandırılmasıdır”.

Ekpsert inkişaf etmiş ölkələrin bu sahədəki təcrübələrinə də toxunub:

"Biz mexanizmi hazırlayan zaman fərqli ölkələrin təcrübəsini öyrənmişdik. Qeyd etmək lazımdır ki, əksər inkişaf etmiş ölkələrdə uşaq pulu ödənilir. Avropa ölkələrinə diqqət yetirsək, Avstriyada 3 yaşadək uşaqlara 105, 3-9 yaş arasında olanlara 112, 18 yaşadək uşaqlara isə 130 avro ödənilir. İrlandiyada 18 yaşınadək bütün uşaqlar ayda 140 avro alır. Finlandiyada 17 yaşadək birinci uşağa ayda 100, ikinci uşağa 110, üçüncü uşağa 141, dördüncü uşağa 162 avro ödənilir. Almaniyada birinci və ikinci uşağın hər birinə 194, üçüncü 200, dörd və daha çox olanlar isə hərəyə 225 avro aylıq ödəniş həyata keçirilir. Oxşar mexanizmlər Avstraliya, Kanada, Fransa, İtaliya, İsveç, İsveçrə, İspaniya, Norveç, Yeni Zellandiya, Cənubi Koreya və eləcə də əksər Mərkəzi və Şərqi Avropa ölkələrində, o cümlədən Polşa və Macarıstanda da tətbiq olunur. Bəzi ölkələrdə uşaq pulunun məbləği ailənin gəlirlik səviyyəsinə uyğunlaşdırılır. Məsələn, İtaliyada illik gəliri 11.422 avroyadək olan ailələrə hər uşağa görə ayda 250 avo ödənilir. Ailənin gəliri artdıqca uşaq pulu məbləği dəyişir. Rusiyada hətta ikinci uşağı dünyaya gətirən ailələrə 8 min dollara yaxın "analıq kapitalı” adlandırılan ödəniş edilir. Bu vəsait uşağın təhsili və digər prioritet məqsədlər üçün istifadə edilir.

Göründüyü kimi, 17 yaşadək uşaq pulunu verilməsi mexanizmi əksər inkişaf etmiş ölkələrdə tətbiq olunur. Ölkəmizin dövlət gəlirlərinin 2017-ci ildən etibarən yenidən artdığını nəzərə alsaq Azərbaycanda da uşaq pulunun bərpası üçün maliyyə imkanları var. Deməli, uşaq pulunun bərpasının maliyyə bazası var”.

Femida.az

Açar sözlər:

Oxunub: 1172