Öz hesabına məzuniyyətə hansı əsaslarla çıxmaq olar? - Hüquqi maarifləndirmə


12:19     01 Aprel 2019 19_04_01_1554106799.jpg


Femida.az hüquqi maarifləndirmə layihəsi çərçivəsində növbəti yazını təqdim edir. Bu dəfə mövzumuz əmək hüquqları ilə bağlıdır. Redaksiyamıza müraciət edən vətəndaş bildirib ki, ailə vəziyyəti ilə əlaqədar öz hesabına məzuniyyətə çıxmaq istəyir. Lakin iş yeri rəhbərliyi buna müxtəlif bəhanələr gətirərək imkan vermir. Hətta xanım öz həyat yoldaşı başqa bir rayona ezam olunduğuna dair iş yerinə arayış da təqdim edib. O, azyşalı uşağı evdə tək qoya bilmədiyi üçün öz hesabına məzuniyyətə çıxmaq istəyib.


Məsələyə hüquqi cəhətdən aydınlıq gətirmək üçün vəkil Əziz Qənbərovla əlaqə saxladıq. Vəkil bildirdi ki, hər bir işçinin qanunla nəzərdə tutulmuş qaydada məzuniyyət hüququndan istifadə etmək hüququ var:

“Əmək Məcəlləsində bu hüquqa geniş yer verilib. Məcəllənin tələblərinə əsasən (maddə 112) işçilərin əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti, sosial məzuniyyət, təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti, ödənişsiz məzuniyyət növlərindən istifadə etmək hüququ var. Hazırda çox da geniş yayılmayan kollektiv müqavilələrdə məzuniyyətlərin digər növləri nəzərdə tutula bilər. Əmək Məcəlləsinin tələblərinə əsasən qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır (maddə 128).

Eyni zamanda işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər (maddə 129). Burada qarşılıqlı razılıq şərtləri mövcuddur ki, işəgötürənin də hüquqlarını qanunvericilik qorumuş olur".

"İşçilərin xahişi ilə bir iş ilində həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə — uşaq dörd yaşına çatanadək, arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə — 14 təqvim gününədək, 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara — 14 təqvim gününədək, əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə — bir təqvim ayınadək, müharibədə döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə — 14 təqvim gününədək, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış işçilərə — 14 təqvim gününədək, insanın immunçatışmazlığı virusu ilə yaşayan uşaq böyüdən, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan valideynlərə — 14 təqvim gününədək, doktoranturada, təhsil alan işçilərə — 1 təqvim ayınadək, ali təhsil müəssisələrində qəbul imtahanlarına buraxılan işçilərə — 14 təqvim günü, orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə — 7 təqvim günü, ixtirasının və ya səmərələşdirici təklifinin işlədiyi müəssisədən kənar yerdə ilkin tətbiqi zamanı müəllifə — 14 təqvim gününədək, ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə — səhiyyə müəssisəsinin rəyi ilə 14 təqvim gününədək, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları olan işçilərə - 14 təqvim gününədək, ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə -7 təqvim gününədək, həmçinin Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq qeydə alınmış namizədə müvafiq seçki komissiyasında qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində göstərilən müddət üçün ödənişsiz məzuniyyət verilir” - deyə vəkil bildirib.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #hüquq   #qanun   #vəkil   #əmək   #iş   #məzuniyyət   #məcəllə   #femida  

Oxunub: 16921