İki ayda xaricə 26 milyon dollarlıq pambıq mahlıcı satılıb


18:13     01 Aprel 2019 19_04_01_1554124180.jpg

Qeyri-neft ixracı 16,5 faiz artıb

2019-cu ilin yanvar-fevral aylarında Azərbaycandan qeyri-neft məhsullarının ixracı 282 milyon ABŞ dolları təşkil edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Musavat.com-a verilən məlumata görə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-fevral aylarında qeyri-neft ixracı 40 milyon ABŞ dolları və ya 16,5 faiz artıb.

Cari ilin ilk iki ayı ərzində Rusiyaya 82 milyon, Türkiyəyə 63,6 milyon, Gürcüstana 37 milyon, İsveçrəyə 20,6 milyon və İrana 8,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-fevral ayları ərzində Rusiyaya qeyri-neft ixracı 21 faiz, Gürcüstana 13 faiz və İrana 2,1 dəfə artıb.

İlin ilk iki ayında ixrac edilən qeyri-neft mallarının siyahısında elektrik enerjisi (30,5 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda mahlıc (25,9 milyon ABŞ dolları) ikinci, qabığı təmizlənmiş meşə fındığı isə (24,7 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

Ümumiyyətlə isə, 2019-cu ilin yanvar-fevral aylarıda meyvə-tərəvəz ixracı 76 milyon, elektrik enerjisinin ixracı 30,5 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 30,1 milyon, pambıq lifi ixracı 26 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 13,5 milyon, kimya sənayesi məhsullarının ixracı 12,6 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 6,6 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 4,1 milyon, pambıq ipliyi ixracı 3,7 milyon ABŞ dolları təşkil edib.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-fevral aylarında pambıq lifinin ixracı 2,6 dəfə, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,5 dəfə, kimya sənayesi məhsullarının ixracı 90 faiz, elektrik enerjisinin ixracı 50 faiz, meyvə-tərəvəzin ixracı 30 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 26 faiz artıb.

“İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb. Məlumat verilib ki, 2019-cu ilin yanvar-fevral aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 15 ölkəsinə peyk telekommunikasiya xidmətləri ixrac edilib. Bu ilin ilk iki ayında “Azərkosmos” ASC peyk telekommunikasiya xidmətlərininin ixracından 2 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. “Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar-fevral aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, BƏƏ, Almaniya, Nigeriya və Gürcüstandır.

Açar sözlər:

Oxunub: 855