Əxlaqsızlığın təbliği, yoxsa... - Media 3 qızın videosunu niyə tirajladı?


12:52     02 Aprel 2019 2019/04/7_1554193513.jpg


2 gün öncə sosial şəbəkələrdə yayılan 3 qızın çılpaq vəziyyətdə rəqs etməsi videosu bir anda bütün gündəmi zəbt etdi. Əvvəlcə, “whatsap”da peyda olan video, ardınca “facebook” və “instagram” istifadəçilərinin müzakirə mövzusuna çevrildi.

Bəlkə də bura qədər hər şey normal idi. Cəmiyyət üçün nadir görüləcək bir videonun sosial şəbəkələrə düşməsi və ildırım sürəti ilə yayılması gözlənilən idi. Çünki heç kimin sosial şəbəkə azadlığını qısıtlamaq olmur. Bura girən insanların heç də hamısı savadlı, yüksək təfəkkürlü insanlar deyil. Onlar bunun cəmiyyətə mənfi örnək olduğunu düşünəcək həssaslıqda deyil.

Təəssüf doğuran məqam, məlum videonun özünü peşəkar media qurumu adlandıran KİV-lər tərəfindən yayılması oldu. Video bir çox saytlar üçün İP mənbəyi oldu. Dünya təcrübəsində bu tip görüntülərin insan psixologiyasına mənfi təsirini nəzərə alaraq KİV-lər yayımlamır. Yayımlayan KİV-lər isə maksimum şəkildə görüntünün üstünü bağlayır.

İkincisi və ən əsası, sözügedən xəbərin media orqanları tərəfindən 31 mart – azərbaycanlıların soyqırım gününə məhəl qoymadan yayımlanması idi.

Bunun media orqanında yayılması bir növ fahişəliyin təbliğatına ortaq olmaq deyilmi?!

KİV haqqında qanunun 10-cu maddəsində qeyd edilir ki, pornoqrafik materiallar çap etdirmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. 60-cı maddədin 5-ci bəndinə görə isə Kütləvi informasiya vasitəsinin redaksiyası (məsul redaktoru) və jurnalistlər (müəlliflər) pornoqrafik materialları dərc etdikdə və ya efirə verdikdə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyət daşıyırlar.

"Media əxlaqsızlığı tirajlamaqla qınaq yaratmır, əksinə onu şüurlara yeridilməsinə meydan verir"

Ötən gün Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov da bununla bağlı açıqlama vermiş və media qurumlarını qınamışdı:

"Media məhz məlum durumla bağlı qınağın formalaşmasında aktiv rol oynamamalıdır. Təəssüf ki, buna məhəl qoymayan bəzi internet informasiya vasitələrimiz oldu. Onlar ucuz sensasiya dalınca qaçmağa üstünlük verdilər.

Məlum video-görüntünü xəbər kimi işıqlandıran, kimisə, kimlərisə hansısa formada qınağa çəkən, çəkməyə cəhd edən, qınağa çəkilməsinə şərait yaradan media vasitəsi birmənalı qaydada "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nı pozur. Şəxsi həyata müdaxilə faktı olduğundan burada həmçinin qanunvericiliyin pozulması da diqqətdən yayınmamalıdır. Məsələyə soyuq baxış budur. Biri və biriləri əxlaqsızlıq edirsə, etdiyi əxlaqsızlığı yayırsa, nəzərə almaq lazımdır ki, media həmin əxlaqsızlığı hətta məhdudiyyət tətbiq edərək tirajlamaqla heç bir qınaq formalaşdırmır, cəmiyyətə örnək nə isə aşılamır, əksinə əxlaqsızlığın bu və ya digər şəkildə şüurlara yeridilməsinə meydan verir, onu adiləşdirir”.

O qeyd edib ki, ortada böyük ayıb var: "Belə bir ayıb 31 mart Azərbaycanlıların Soyqırımı Günündə dövriyyəyə buraxılıb. Düşünmək olar ki, qəsdən edilib, planlı şəkildə. Jurnalist peşəkarlığı xüsusən buna diqqət yetirəcək, belə bir ehtimalı götür-qoy edəcək qədər həssas məsələdir. Təəssüf ki, bəzi internet media resurslarımızda həssas yanaşmanı görmədik.

Azərbaycan Mətbuat Şurası olaraq bütün media vasitələrini artıq neçənci dəfədir təkrarlanan cəmiyyətin dəyərlərinə zidd halları yayımlamaq kimi mənfi tendensiyadan imtina etməyə, oxşar hallara son qoymağa çağırırıq. Heç bir reytinq, IP göstərici yüksəkliyi bunu əldə etmək üçün seçilmiş yoldakı yarıtmazlığa, dəyərlərə etinasız münasibətə, etinasızlığın dolayı və birbaşa təbliğinə haqq qazandırmır".

Sözügedən hadisəni xəbər kimi təqdim edən bir neçə saytdan "skrinşot"ları təqdim edirik. Qeyd edək ki, bu saytlarda sözügedən qızların şəkilləri açıq şəkildə yayımlanmışdı. Etikadan kənara çıxmamaq üçün fotodakı qızların üzünü bağlayaraq təqim edirik.























Femida.az

Açar sözlər: #video   #xəbər   #media  

Oxunub: 2709