Dəhşətli yanğında hər iki valideynini itirən gənc: “Bacımla köməksiz vəziyyətdə qalmışıq” + FOTOLAR


15:38     02 Aprel 2019 2019/04/0_1554205161.jpg

“Doğum günüm idi. Atam, anam və bacımla birlikdə ad günümü qeyd etdikdən sonra dostlarımla görüşmək üçün şəhərə çıxdım. Bu valideynlərimlə son görüşüm oldu. Geri qayıdanda onların cansız bədənlərini gördüm.”


Bu sözləri Femida.az-a hər iki valideynini yanğında itirən Bəhruz Əliyev söyləyib. Onun valideynləri, Surxay Əliyev və Elza Əliyeva 2019-cu ilin martın 5- də Nərimanov rayonunda yataqxanada baş verən yanğında dünyasını dəyişib.


“Özümüz Laçın rayonundan məcburi köçkünük. 4 nəfər ailə üzvümüz həmin 1 otaqlı mənzildə yaşayırdıq. Hadisə baş verən günü bacım işdə olub. Mənim də doğum günüm idi. Evdə atam-anamla ad günümü qeyd etdikdən sonra dostlarımın yanına getdim. Təzəcə oturmuşduq ki, mənə zəng gəldi ki, yataqxanada yanğın olub. Tələsik geri qayıtdım. Yanğın 3-cü mərtəbədə bizim qonşuların evində başlamışdı. Atamla anam həmin vaxt yuxulu olublar. Qonşular hamısı qaçıb binanı tərk edəndə səsə oyanıblar. Elə qapıdan çıxarkən tüstüdən zəhərlərnib, dəhlizdə boğulub qalmışdılar. Yataqxananın ehtiyat pilləkənləri orada yaşayan sakinlər tərəfindən bağlandığı üçün ikinci pilləkənə çatana kimi tüstü onları zəhərləyib. ”


Bəhruz Əliyevin sözlərinə görə, yanğınla bağlı bir sıra qaranlıq məqamlar var. İstintaq getdiyindən hələ bu suallara cavab tapa bilmirlər.



“Yanğın bizə qonşu olan evdə başlayıb. Evində yanğın baş verən şəxs özü qaçıb canını qurtarıb. Bu gün istintaq gedir. Amma bizə hələ də qaranlıq qalan bir sıra məqamlar var...”





Bəhruz Əliyevin dediyinə görə, hər iki valideynini itirdikdən sonra bir sıra çətinliklərlə qarşılaşıb. İşsiz olduğunu deyən şəxs bacısının və özünün maddi xərclərini çəkməkdə çətinliklə qarşılaşdığını bildirib.



“Ailəmizdə işləyən yoxdur. Yeganə qazanc yerimiz anamın və atamın aldığı pensiya idi. Mənim də sağlamlığımda ciddi problem olduğundan işə götürmürlər. Özümə uyğun iş tapa bilsəm işləyib, özümü və bacımı saxlayaram. İndi durumumuz çox çətindir. Hər iki valideyni eyni anda, faciəli şəkildə itirməyin acısını izah etmək çətindir. Müvəqqəti olaraq yanan evdə qalırıq. Amma orada yaşamaq olduqca çətindir. Hər dəfə atamla anam gözümün qarşısına gəlir.”


Bəhruz Əliyevin sözlərinə görə, qeyd olunan yanğın hadisəsindən sonra rəsmi qurumlardan bir sıra dəstək görüblər. Amma birdəfəlik kompensasiyanı hələ də ala bilməyiblər.





“Yas mərasimində bir sıra rəsmi şəxslər iştirak etdi. Dəfn, mərasim xərcləri dövlət tərəfindən qarşılandı . Bu gün vəziyyətimiz olduqca acınacaqlıdır. Birdəfəlik kompensasiya verilməsi üçün aidiyyatı qurumlardan bizə kömək etmələrini xahiş edirik. Bizə dedilər ki, Qobu qəsəbəsində yeni bina tikiləcək. Yataqxana sakinləri may ayında ora köçürüləcək. Biz “Qaçqınkom”un rəisi Rövşən müəllimdən xahiş etdik ki, mənzil verilərkən bizim ailə vəziyyətimiz nəzərə alınsın. Biz hər iki valideynimizi itirmişik.Həmin binada mənim başqa bir bacım da yaşayır. Onun da həyat yoldaşı faciəli şəkildə dünyasını dəyişib. Azyaşlı övladı ilə köməksiz vəziyyətdə qalıb. Dövlətdən xahiş edirik ki, şəhərə yaxın ərazidə bizə mənzil verilsin. Çünki bizim uzaq məsafəyə gedib-gəlməyə imkanımız yoxdur. Kiçik bacım bu yaxınlarda marketlərin birində satıcı kimi işə düzəlib. Bu işi də çətinliklə tapmışıq. Ailəmizin çətin vəziyyətini nəzərə alıb, bizə kömək etmələrini xahiş edirik. Ölkə rəhbərliyinin, Mehriban xanım Əliyevanın humanist addımlarını mətbuatdan görürük. İnanıram ki, bizə də tezliklə yardım ediləcək. ”





Bəhruz Əliyev müraciətində bildirib ki, dünyasını dəyişən anası Elza Əliyevanın “Uni bankda” kredit borcu və kredit kartı olub. Hadisə baş verdikdən sonra bankdan kredit ödənişinin həyata keçirilməsi üçün vətəndaşa zəng gəlib. Kredit borcunun bağlanmayacağı təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilib.





“Anamın adına ümumilikdə 1300 manata yaxın kredit borcu var. Banka ölüm haqqında arayışı da təqdim etmişik. Bizə bildirdilər ki, bu hadisənin banka aidiyyatı yoxdur. Məhkəmə yolu ilə hüquqi varislərdən pul alınacaq.”

Bankın vəfat etmiş şəxsin adına olan kredit borcunu bu üsulla tələb etməsi ilə bağlı hüquqşünas Nicat Gözəlov açıqlama verərkən bildirib ki, bu tam qanunsuz bir əməldir.

"Banka borclu şəxsin ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamə təqdim olunubsa, həmin şəxsən borcun tələb olunması indiki məqamda qanunsuz addımdır. Bunun üçün məhkəmə qaydasında vəfat etmiş şəxsin hüquqi varisi müəyyən olunmalı və bundan sonra məhkəmə qərarrı əsasında həmin məbləğ tələb edilə bilər. İndiki məqamda belə bir faci ilə üzləşmiş ailədən borcun tələb olunması bir qədər etik görünmür.Hesab edirəm ki, vətəndaş bankın qanunsuz hərəkətindən hüquq mühafizə orqanlarına rəsmi şəkildə şikayət etməlidir."

Femida.az məsələni diqqətdə saxlayacaq.




Miri Məcidli
Fotolar: Oğuz Altay
Femida.az


Açar sözlər: #hüuqi_yardım   #Vəkil   #məhkəmə   #banklar   #yanğın   #Qaçqinkom   #yataqxanada_yanğın   #kriminjal_xəbər   #Uni_bank  

Oxunub: 2702


Oxşar xəbərlər