"Azərbaycan hər an öz torpaqlarını işğaldan azad etməyə qadirdir" - Polkovnik


16:44     02 Aprel 2019 2019/04/743620_1554209145.jpg

"Aprel döyüşləri erməni ordusu ilə bağlı yaranan "mifi" alt-üst etdi. Sübut olundu ki, Azərbaycan ordusu yüksək səviyyəli texnikaya, döyüş qabiliyyətinə, hərbi hazırlığa malikdir və hər an öz torpaqlarını işğaldan azad etməyə qadirdir".


Femida.az bildirir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov deyib

O bildirib ki, aprel döyüşlərindən öncə erməni tərəfindən yayılan yalan informasiyalar bu zəfərdən sonra bir daha aşkara çıxdı: "Həm dünya ölkələri, həm də Ermənistan bir daha gördü ki, Azərbaycan ordusu nə qədər güclüdür, silahların arxasında əzmlə dayanan əsgərlər və zabitlərimizin döyüşlə bağlı mənəvi, psixoloji hazırlığı yüksək səviyyədədir. Aprel döyüşlərində əldə olunan əsas qələbələrdən biri torpaqlarımızın müəyyən hissəsinin işğaldan azad edilməsi oldu. Bu baxımdan aprel döyüşləri bizim qürur mənbəyimizdir".

C.Xəlilov söyləyib ki, Böyük Aprel qələbəsi Azərbaycan tarixinə şərəfli tarix kimi daxil olub: "3-4 gün müddətində davam edən döyüşləri heç zaman unutmayacağıq. Azərbaycan ordusu bu gün də həmin döyüşlərə sadiqdir. Ordumuzun hazırkı döyüş hazırlığı, mənəvi-psixoloji durumu 3 il bundan öncəkindən də yüksəkdir".

Polkovnik vurğulayıb ki, döyüşlərdən çətin vəziyyətə düşən Ermənistan atəşkəsi bərpa etmək üçün bütün vasitələrə əl atdı: "Düşmən tərəfi qorxuya düşərək Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə həll etməyə hazır olduqlarını ifadə etməklə, Azərbaycandan döyüşlərin dayandırılmasını xahiş etdi. Amma Ermənistan bundan sonra da sözünü tutmadı, danışıqları imitasiya etməklə dünya ictimaiyyətini çaşdırmağa çalışdı".

Təşkilatın sədr müavini qeyd edib ki, Azərbaycan dövləti və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən yüksək səviyyəli diplomatiya nəticəsində bütün dünya ictimaiyyətinə məlum oldu ki, Ermənistan münaqişənin həlli istiqamətində qeyri-konstruktiv mövqe tutur, problemin həlli istiqamətində heç bir beynəlxalq qanunu, tələbələri, qəbul olunan qətnamələri yerinə yetirmir:

"Belə olan halda, Azərbaycan haqlı olaraq mübarizə aparmaq iqtidarına malikdir. Çünki ölkəmiz heç kimə ərazi iddiaları irəli sürmür, əksinə öz torpaqlarını işğal altından azad etmək marağındadır. Ölkəmiz işğal altında olan torpaqlarında terrora, separatizmə, narkotik maddələrin becərilməsinə qarşı mübarizə aparır. Azərbaycan ərazi bütövlüyünün təmini nəticəsində ərazisində sülh yaranmasını istəyir, ermənilərin də ölkəmizin qanunlarına riayət etməklə başqa millətlər kimi Dağlıq Qarabağda yaşamaq haqqını istisna etmir".

Femida.az

Açar sözlər:

Oxunub: 767