XİN: Ermənistan təhlükəli ritorikaya görə məsuliyyət daşıyır


17:23     02 Aprel 2019 19_04_02_1554211459.jpg

Xarici İşlər Nazirliyi Ermənistan rəhbərliyinin bəyanatına cavab verib.

XİN-dən bildirilib ki, Ermənistan rəhbərliyinin son bəyanatları və hərəkətləri, o cümlədən, işğalçı ölkənin müdafiə nazirinin “yeni ərazilər tutmaq üçün yeni müharibə” formulasını təqdim etməsi tamamilə qəbuledilməzdir:

“Hesab edirik ki, bu kimi addımlar iki ölkə rəhbərləri səviyyəsində baş tutmuş Vyana görüşü və onun nəticəsində qəbul edilmiş birgə bəyanata uyğun gəlmir. Təkrar edirik ki, bu kimi təxribatlar uzun illər ərzində aparılan danışıqlar prosesini və ATƏT-in Minsk Qrupunu həmsədrlərin fəaliyyətini ciddi sual altına qoyur”.

“Vurğulamaq istərdik ki, belə təhlükəli ritorikanın mümkün mənfi nəticələrinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərindədir”, - deyə XİN-dən qeyd edilib.

Qeyd edək ki, bundan əvvəl Ermənistan müdafiə naziri D.Tonoyan Nyu-Yorkda erməni icması ilə görüş zamanı “sülh naminə ərazi” formulasının əvəzinə “yeni ərazilər üçün yeni müharibə” fikrini səsləndirmişdi. Rəsmi Bakı onun fikirlərini “bu ölkənin işğalçı və qəsbkar siyasətinin yüksək səviyyəli rəsmilər tərəfindən növbəti etirafı” kimi şərh etmişdi.

Azərbaycan Müdafiə Nazirliyi də bu bəyanata biganə qalmamış, “bu məsuliyyətsiz çıxışı Ermənistan hakimiyyətində mövcud olan hərc-mərcliyin, ikitirəliyin və özbaşınalığın əyani sübutu” adlandırmışdı.

Açar sözlər:

Oxunub: 392