İş yeriniz ləğv olunarsa, rəhbərlik sizə nə qədər müavinət ödəməlidir? - QANUN


12:17     03 Aprel 2019 19_04_03_1554279498.jpg


Femida.az hüquqi maarifləndirmə layihəsi çərçivəsində növbəti yazını təqdim edir. Bu dəfəki mövzumuz əmək məcəlləsi ilə bağlıdır.


Adətən hər hansı müəssisə ləğv edildikdə orada çalışan işçilər öz hüquqlarını tam bilmir və buna görə də iş yeri tərəfindən ona ödənilməli olan müavinətlərdən xəbərsiz olur.

Əmək Məcəlləsinin 70-ci maddəsinin a bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından biri də müəssisə ləğv edilməsidir. Əgər vətəndaş bu maddə ilə işini itirbsə, müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti almalıdır:

- bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;
- bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;
- beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;
- on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.


Yeri gəlmişkən, məcəllənin 79-cu maddəsində isə əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar göstərilib. Belə ki, işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinə xitam verilə bilməz.

Eyni zamanda işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərin, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #qanun   #əmək   #məcəllə   #hüquq   #maaş   #iş  

Oxunub: 1065