Məhkəmə-hüquq sistemində islahatlar dərinləşdirilir - Fərman

Məhkəmə-hüquq sistemində islahatlar dərinləşdirilir - Fərman


19:10     03 Aprel 2019 prezident2.jpg


Prezident İlham Əliyev məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb.


Fərmanda qeyd olunur ki, ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir.

Müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir.

Eyni zamanda, ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi üçün hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsi daha da yaxşılaşdırılmalı, müvafiq infrastrukturun yenilənməsi işləri davam etdirilməli, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən hərtərəfli istifadə edilməli, digər mühüm məsələlər həll olunmalıdır.

Fərmanla Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilir ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər.

Cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilir və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılır ki, müvafiq qanun layihələrini hazırlayıb üç ay müddətində Azərbaycan Prezidentinə təqdim etsinlər.

Ali Məhkəməyə və Məhkəmə-Hüquq Şurasına tövsiyə edilir və Ədliyyə Nazirliyinə tapşırılır ki, aşağıdakı məsələlərə dair normativ hüquqi aktların layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etsinlər:

- sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması;

- məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsi;

- hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması;

- hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması;

- məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə müvafiq olaraq diferensiasiya edilməsi;

- məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun müəyyən hissəsinin məhkəmə aparatları işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilməsi;

- məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbinin müəyyən edilməsi;

- mülki işlər, habelə inzibati xətalara, iqtisadi və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə ekspertizasının keçirilməsi və ekspert rəyinin verilməsi müddətlərinin dəqiqləşdirilməsi, məhkəmə prosesi tərəflərinin ekspertiza təyin edilməsi ilə bağlı hüquqlarının genişləndirilməsi.

Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının effektivliyinin artırılması, xüsusən sahibkarlıqla bağlı məsələlərin məhkəmələrdə daha sürətli və səmərəli həllinin təmin edilməsi məqsədilə Ali Məhkəməyə, apellyasiya instansiyası məhkəmələrinə, Vəkillər Kollegiyasına və Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına tövsiyə edilir və Ədliyyə Nazirliyinə, İqtisadiyyat Nazirliyinə və Azərbaycan Vergilər Nazirliyinə tapşırılır ki, mülki prosessual qanunvericiliyi kompleks şəkildə birgə təhlil edib, bu sahədə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla onun təkmilləşdirilməsi barədə təkliflərini altı ay müddətində Azərbaycan Prezidentinə təqdim etsinlər.

Məhkəmə-Hüquq Şurasına tövsiyə edilir ki:

- hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün qaynar xətt yaratsın;

- hakimlərin və məhkəmə sədrlərinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi prosedurlarında şəffaflığı daha da artırsın, bu sahədə tətbiq edilən meyarları təkmilləşdirsin;

- hüquq pozuntularına və Hakimlərin Etik Davranış Kodeksinin pozulması hallarına yol verən hakimlərin intizam məsuliyyətinin labüdlüyünü təmin etsin;

- ədalət mühakiməsinin həyata keçirilməsində aşkarlığın və qərəzsizliyin daha dolğun şəkildə təmin edilməsi məqsədilə aşağıdakı sahələrdə “Məhkəmələr və hakimlər haqqında” qanunun tələblərinə məhkəmələrin riayət etməsinin mütəmadi monitorinqini aparsın:

- məhkəmə qərarlarının elektron qaydada dərc edilməsi;

- məhkəmələrdə işlərin təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi;

- qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin edilməsi.

Ali Məhkəməyə tövsiyə edilir ki:

- məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün ciddi tədbirlər görsün;

- ədalət mühakiməsinin keyfiyyətinin artırılması məqsədilə məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi sahəsində fəaliyyətini gücləndirsin;

- məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində müəyyən edilmiş, sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması üçün müvafiq mexanizm yaradılması barədə təkliflərini iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etsin.

Ədliyyə Nazirliyinə məhkəmələrin və digər orqanların qərarlarının qanunla müəyyən edilmiş müddətdə icrasının təmin edilməsi, “Elektron icra” informasiya sisteminin tətbiqinin genişləndirilməsi, icra məmurlarının süründürməçilik və sui-istifadə hallarına yol vermələrinin qarşısının alınması məqsədilə ciddi tədbirlər görmək; məhkəmələrin və digər orqanların qərarlarının icrasının sürətləndirilməsi və effektivliyinin artırılması məqsədilə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək; məhkəmələrin və digər orqanların qərarlarının icrasının alternativ mexanizmləri, o cümlədən icranın özəl qurumlara həvalə edilməsi ilə bağlı qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və həmin təcrübənin Azərbaycan Respublikasında tətbiqinin mümkünlüyü barədə üç ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; məhkəmə ekspertizası fəaliyyətinin alternativ mexanizmləri, o cümlədən ekspertizanın özəl qurumlar tərəfindən həyata keçirilməsi ilə bağlı beynəlxalq təcrübəni təhlil etmək və müvafiq təkliflərini üç ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək; ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə: “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılmasını təmin etmək, “Elektron məhkəmə” informasiya sistemində dərc edilən məhkəmə qərarları üzrə müxtəlif meyarlar əsasında effektiv axtarış aparmaq üçün müvafiq funksional imkan yaradılması məqsədilə tədbirlər görmək; fiziki və hüquqi şəxslərin “Elektron məhkəmə” informasiya sistemindən istifadəsinin təşviqi üçün tədbirlər görmək və mediasiya prosesinin tətbiqi ilə bağlı maarifləndirmə və təşviqat tədbirlərini həyata keçirmək; Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Ədliyyə Akademiyasının fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturunun və maddi-texniki təchizatının yaxşılaşdırılması üçün İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə birlikdə təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək; birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi barədə təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Baş Prokurorluğa tövsiyə edilir ki, məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsini mütəmadi təhlil etsin və bu fəaliyyətin keyfiyyətinin artırılması üçün tədbirlər görsün.

Vəkillər Kollegiyasına tövsiyə edilir ki, vəkillərin hakimlərlə və cinayət təqibini həyata keçirən orqanların əməkdaşları ilə qeyri-prosessual münasibətlərə yol verməsinin qarşısının alınması üçün tədbirləri gücləndirsin.

Maliyyə Nazirliyi bu fərmanın 3.1-ci və 3.4-3.6-cı bəndlərində nəzərdə tutulmuş layihələrin hazırlanmasında iştirak edəcək; Ədliyyə Nazirliyi ilə birlikdə aşağıdakı məsələlər barədə təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim edəcək: məhkəmələrdə mövcud olan iş yükünü nəzərə alaraq, onlara məhkəmə icraatının təmin edilməsi, o cümlədən kargüzarlığın aparılması üçün ayrılan vəsaitin ehtiyaclara uyğun artırılması, İqtisadiyyat Nazirliyi ilə birlikdə məhkəmə infrastrukturunun təkmilləşdirilməsi və məhkəmələrdə “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılması məqsədilə əlavə maliyyə vəsaitinin ayrılması.

İqtisadiyyat Nazirliyinə və Ədliyyə Nazirliyinə tapşırılır və Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına tövsiyə edilir ki, sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin məhkəmədənkənar həlli vasitələrinin genişləndirilməsi məqsədilə, xarici dövlətlərin qabaqcıl təcrübəsi nəzərə alınmaqla ölkəmizdə səmərəli beynəlxalq arbitraj prosedurlarının təşviqinə dair birgə təkliflərini üç ay müddətində Azərbaycan Prezidentinə təqdim etsinlər.

Fərmanla məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və məhkəmələrdə işlərə baxılma müddətlərinin qısaldılması məqsədilə Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı 200 nəfər artırılacaq.

Nazirlər Kabinetinə dövlət hesabına həyata keçirilən hüquqi yardım üçün tələb olunan vəsaitin dəqiq proqnozlaşdırılmasını və mərkəzləşdirilmiş uçotunu təmin etmək məqsədilə cari ilin və növbəti illərin dövlət büdcəsində dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin birbaşa Azərbaycan Vəkillər Kollegiyasına ayrılması barədə müvafiq normativ hüquqi aktların layihələrini hazırlayıb bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Femida.az

Açar sözlər: #məhkəmə   #fərman   #prezident  

Oxunub: 934