Şəmkirdə vəzifəli məmur həbs edildi - Hər ay 70 nəfərin maaşını mənimsəyib

Şəmkirdə vəzifəli məmur həbs edildi - Hər ay 70 nəfərin maaşını mənimsəyib


10:29     04 Aprel 2019 vezifeli%20hebs.jpg

Aprelin 2-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Şəmkirdə böyük əməliyyat tədbiri həyata keçiriblər. Əməliyyat zamanı 1 ildən artıq müddətdə 70 fəhlənin əmək haqqını hər ay alıb cibinə qoyan Rayon Kommunal Təsərrüfat Birliyinin rəisi Teymur Hacıyev yaxalanıb. İş yerində və evində aparılan yoxlamalar zamanı Teymur Hacıyevdən 70 ədəd maaş kartı götürülüb.


Femida.az AFN-ə istinadən xəbər verir ki, əməliyyat zamanı aydın olub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şəmkir rayonuna “DOST” mərkəzi xətti ilə 500 nəfərin işlə təminatını həyata keçirir. Həmin işçilər Rayon Kommunal Təsərrüfat Birliyinin (RKTB) xətti ilə işə götürülürlər. Rəis Teymur Hacıyev 500 nəfərdən 70 nəfərinin maaş kartını özündə saxlayıb. Adları işçi kimi qeydiyyata alınsa da, faktiki olaraq həmin işçilər işə çıxmayıblar. Onların adına maaş kartları açılıb, hər ay ora 170 manat məvacib köçürülüb. Teymur Hacıyev hər ay həmin pulları çıxarıb. Ayda 12 min manat civarında pul mənimsənilib. Son 6 ay ərzində Teymur Hacıyevin 70 min manata yaxın ancaq maaş kartları vasitəsi ilə mənimsədiyi haqda məlumatlar var. Bundan başqa, Teymur Hacıyevin işdə olan fəhlələrə qarşı da qanunsuzluqlara yol verdiyi bildirilir. Qeyd olunur ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının əməliyyatı keçirməsinə səbəb də işçilərin Teymur Hacıyevdən şikayətləri səbəb olub. Belə ki, işçilər hüquq-mühafizə orqanlarına yazdıqları şikayətlərdə Teymur Hacıyevin onlardan qanunsuz olaraq hər ay maaşlarından pul verməyə məcbur etdiyini, hər xırda məsələyə görə onlardan pul tələb etdiyini yazıblar.

Teymur Hacıyevin ifşa edilməsindən Şəmkirin icra başçısı Alimpaşa Məmmədov, RKTB-nin fəaliyyətinə nəzarət etməli olan icra başçısının 1-ci müavini Qüdrət Əliyev təlaş keçiriblər. Alimpaşa Məmmədovun Qüdrət Əliyevin əlaqələrindən istifadə etməklə Teymur Hacıyevin xilas edilməsi üçün minnətçi düşməsi, bir neşə ünvandan xahişçi olması haqda da xəbərlər var.

Qeyd edək ki, ötən ilin avqustunda Azərbaycan prezidenti İlham Əliyev “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi" (DOST) publik hüquqi şəxsin yaradılması ilə bağlı fərman imzalayıb. Fərmanda belə bir agentliyin yaradılması üçün məqsədin əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması göstərilir. Bundan başqa, agentlik innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılmasına görə yaradılıb.

Adiyyəti qurumlar isə məsələylə bağlı gün ərzində məlumat yayacaqlarını bildiriblər.

Femida.az

Açar sözlər: #Vəzifəli   #Şəmkir  

Oxunub: 924