Tərtərdə direktor qızı atasının müavinini döyüb? - İş prokurorluqdadır (ÖZƏL AÇIQLAMA)


12:35     05 Aprel 2019 19_04_05_1554453377.jpg

Tərtər rayonu Umudlu kənd orta məktəbində direktor Zabil Zeynalov, onun qızı Rəna Zeynalova və müavini Şəfa Cavadova arasında insident yaşanıb. Bu barədə “Yoxsulluğun azaldılması, əlil və kimsəsizlərə kömək” İctimai Birliyinin Tərtər üzrə regional koordinatoru Günel Əliqızı bu barədə Femida.az-a məlumat verib:


“Zabil müəllim qızı Rəna Zeynalova ilə birlikdə məktəbin dərs hissə rəhbərini döyüb. Mən 3 ildir çalışdığım QHT-in Tərtər rayonu üzrə regional koordinatoruyam. Həmin məktəbin direktoru dəfələrlə təşkilatımıza və mənə qarşı hörmətsizlik edib.

Uşaqların qarşısında məktəb direktoru istədiyi hərəkəti edə bilərmi?! Artıq məsələ prokurorluğa və polisə bildirilib. 2 gün bundan əvvəl Umudlu kənd orta məktəbinin direktoru qızı ilə birlikdə direktor müavinini döyüblər. Hadisəyə səbəb direktorunun qardaşı gəlini olan Könül xanım tərəfindən sinif jurnalının evə aparılması olub. Orada müəllim işləyən Könül xanım heç kimə xəbərdarlıq etmədən jurnalı evə aparıb. Müavin bildirib ki, jurnal məktəbdən kənara çıxarıla bilməz. Şəfa xanım iradını bildirəndə direktor onunla mübahisə edib. Daha sonra davaya direktorun qızı Rəna Zeynalova da qoşulub. O, Şəfa xanımı əlindəki sumka ilə vurub. Müəllimə özü prokurorluq və polis orqanlarına ərizə ilə müraciət edib”.

Məsələnin detallarına varmaq üçün Umudlu kənd orta məktəbinin direktoru Zabil Zeynalovla əlaqə saxladıq. O, bununla bağlı Femida.az-a açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Yayılan məlumatlar əsassızdır. Bu məktəbdə elə bir şey olmayıb. İndi bu məlumatın necə yayıldığını kökündən araşdıracağıq. Hər şey aydınlaşacaq. Axı gərək belə bir hadisə olsun ki, belə bir məlumat yayılsın. Hər hansı şəxsin “facebook”da məlumat yayması hadisənin həqiqət olduğunu əks etdirmir".

Direktor məktəbdə müəllimənin jurnalı evə aparması məsələsindən də danışıb:

"Jurnalı sinif rəhbəri evinə aparıb, səhər də məktəbə gətirib. Başqa adam aparmayıb ki? Jurnalı evə aparmaq nə böyük cinayətdir ki?".

Döyüldüyü iddia edilən Şəfa Cavadova mediaya danışmaq istəməyib. Lakin o, Günel xanıma bildirib ki, şikayət ərizəsini geri götürməyəcək. Çünki bu hal Zabil müəllimin ona qarşı ilk kobudluğu deyil. O, bildirib ki, hadisə zamanı direktor digər müəllimlər tərəfindən aralaşdırılsa da, onun qızı sumka ilə Şəfa xanımı vurub.

Qeyd edək ki, direktorun qızı Rəna Zeynalova məktəbdə uşaq birliyinin sədri kimi çalışır.

Femida.az məsələni diqqətdə saxlayacaq.

Oğuz Altay
Amin Nəzərli


Femida.az

Açar sözlər: #müəllim   #direktor   #təhsil   #məktəb   #Tərtər  

Oxunub: 2580