Yeni "Baku Card"lar təqdim edildi: Qiyməti 24, 45 və 70 manatdır


15:02     05 Aprel 2019 2019/04/56387476_428484391249042_1819587543767711744_n_1554462452.jpg

Dövlət Turizm Agentliyi turistlər üçün nəzərdə tutulmuş “Bakı Kart”ı (“BakuCard”) təqdim edib.




Femida.az-ın məlumatına görə Bakı Konqres Mərkəzində baş tutan tədbir zamanı Bakı Turizm İnformasiya Mərkəzinin rəhbəri Rüfət Bağırov bu barədə məlumat verib:

“Bu təcrübə Avropanın bir çox paytaxt şəhərlərində tətbiq olunur. "BakuCard” yeni və innovativ məhsul olaraq kart sahiblərinə Bakı şəhərində ictimai nəqliyyatdan və hava limanından şəhərə və əksinə transfer xidmətini həyata keçirən “Baku City Aero Express” avtobuslarından ödənişsiz istifadə imkanı tanıyır. Həmçinin kartı əldə etməklə turistlər Bakı şəhəri üzrə turistik yerlərə gəzintilər həyata keçirən “Baku City Tour” avtobuslarına biletləri 50% endirimlə əldə edə biləcəklər.




Kart vasitəsilə 20-dən çox muzey və istirahət mərkəzlərinə pulsuz və ya endirimli giriş, 200-dən çox pərakəndə satış mağazasında və ticarət mərkəzində, müxtəlif restoran və kafelərdə endirimlər, salamlama içkiləri və ödənişsiz məhsullardan faydalanmaq mümkündür".

R.Bağırov bildirib ki, etibarlılıq müddətinə görə 24 saatlıq, 72 saatlıq və 1 həftəlik olmaqla 3 növü olan kartların qiymətləri müvafiq olaraq 24 AZN, 45 AZN və 70 AZN təşkil edir:

"Kartlar ilk istifadə olunduğu andan etibarən aktiv olunur və növünə görə 1 gün, 3 gün və ya 1 həftə istifadəyə yararlı olur.

Kartların satışı Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, turizm informasiya mərkəzləri, müxtəlif hotellər, turizm agentlikləri və kiosklarla yanaşı, onlayn olaraq www.bakucard.az saytı vasitəsilə həyata keçirilir.

Əlbəttə ki, turistlərə ölkəyə daxil olduğu məntəqələrdə bu kart haqqında məlumat, eləcə də kartın istifadə qaydalarına dair kitabça verilir. Nəqliyyatda adı "Bakı Card" kimi oxuyucuya yaxınlaşdırır və istifadə edilir. Restoran və digər yerlərdə isə xüsusi sistem vasitəsilə istifadə olunur".

Qeyd edək ki, artıq 3 gündür kartın satışına başlanılıb. Layihənin gələcəkdə ölkənin digər şəhərlərində də tətbiq olunması planlaşdırılır.




Amin Nəzərli
Femida.az

Açar sözlər:

Oxunub: 1483