Nazir vətəndaşları qəbul etdi

Nazir vətəndaşları qəbul etdi


19:55     05 Aprel 2019 19_04_05_1554478527.jpg

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerindəcə tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə tapşırıq və tövsiyələrinə uyğun olaraq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə vətəndaşlarla növbəti görüşünü keçirib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Femida.az-a verilən məlumata görə, nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə aprelin 5-də Şabran şəhərində keçirilən görüşdə nazir Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edib.

Vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üçün nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Əksər müraciətlər yerindəcə öz müsbət həllini tapıb.

Bəzi vətəndaşlar tərəfindən qaldırılan məsələlər nazirliyin səlahiyyətlərinə aid olmadığı üçün müvafiq qurumlara ünvanlanması üzrə qeydiyyata alınıb.

Regiona səfəri çərçivəsində R.Quluzadə aidiyyəti rayonların telekommunikasiya qovşaqları, poçt filialları, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.

Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.

Toplantıda nazir müvafiq sahə rəhbərlərinə hər bir vətəndaş müraciətinin operativ araşdırılması və qanunvericiliyə uyğun həll edilməsi haqqında tapşırıqlar verib.

Femida.az

Açar sözlər: #nazir  

Oxunub: 137