Çaylarda daşqınlar gözlənilir


19:04     08 Aprel 2019 19_04_08_1554735732.jpg

Yaz-yay gursululuq dövrü Azərbaycanın çaylarında aprelin əvvəllərindən başlayır və iyunun ortalarınadək davam edir. Qış aylarında yüksək dağlıq ərazilərdə toplanan qar ehtiyatları və yaz aylarındakı yağıntıların intensivliyi çaylarda gursululuq axımını təyin edir.



Femida.az xəbər verir ki, bu il gözlənilən gursululuq axımının proqnozunu tərtib etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mütəxəssisləri Böyük və Kiçik Qafqazın dağlıq zonalarının çay hövzələrində dekabr-mart aylarında toplanan qarın miqdarı və sululuğu hesablayıblar. Qış fəslinin ayrı-ayrı günlərində orta və qismən yüksək dağlıq ərazilərdə havanın temperaturunun iqlim normasından yüksək olması qarın tədricən əriməsi ilə onun ehtiyatlarının azalmasına səbəb olub.

Bu il Böyük Qafqazın Qanıx çayı hövzəsi ərazisində, Kiçik Qafqazın şimal-şərq və Naxçıvan Muxtar Respublikası çaylarının hövzələrində qarda olan sululuq ötən illə (51-62,3 mm) müqayisədə 26-40 faiz çox, Böyük Qafqazın Şirvan və şimal-şərq yamacı çaylarının hövzələrində isə ötən ildəki göstəriciyə (40-80 mm) yaxın olub.


Çoxillik norma ilə müqayisədə isə Böyük Qafqazın Qanıx və Şirvan çaylarının hövzələrində qarın sululuğunun 22-33 faiz az (norma 82,7-58,3 mm), Böyük və Kiçik Qafqazın şimal-şərq yamacı və Naxçıvan Muxtar Respublikası çaylarının hövzələrində isə 10-23 faiz çox olduğu (norma 64,1-58,7-71,3 mm) qeydə alınıb.

Aparılan kompleks təhlillərə və meteoroloji proqnoz materiallarına əsasən bu ilin yaz-yay gursululuq dövründə Böyük Qafqazın cənub-qərb yamacı (Balakən-Şəki, Oğuz-Qəbələ) çaylarında sululuğun çoxillik normanın 83-113, şimal-şərq yamacı (Quba-Qusar-Xaçmaz) və Kiçik Qafqazın (Daşkəsən-Gədəbəy-Göygöl) çaylarında 75-110, Naxçıvan Muxtar Respublikası və Lənkəran-Astara bölgəsi çaylarında isə normanın 65-100 faizini təşkil edəcəyi gözlənilir.

Tərtib edilmiş proqnoza əsasən, dağ çaylarında sululuğun az müsbət və mənfi fərqlə çoxillik normaya yaxın olacağı ehtimal edilir. Eyni zamanda, yağıntıların normadan çox olacağının gözlənilməsi ilə əlaqədar ayrı-ayrı günlərdə yağacaq leysan xarakterli yağışlar nəticəsində Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqınların keçəcəyi də ehtimal olunur.

Azərbaycanın ən iri tranzit çayı olan Kür çayından Şəmkir su anbarına axımın normanın 70-96, Qanıx çayından Mingəçevir su anbarına axımın normanın 77-98, Araz çayından Araz su anbarına axımın isə normanın 47-67 faizini təşkil edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, son illər iqlim dəyişmələri nəticəsində bir çox ölkələrdə daşqın və sel hadisələrinin həm sayının, həm də intensivliyinin artma tendensiyası müşahidə olunur. Buna nümunə olaraq qonşu Gürcüstanı və son günlər İranın cənubunda baş verən sel hadisələrini göstərmək olar. Təbii fəlakətlərin qarşısını almaq mümkün olmasa da, mövcud vəziyyətin əvvəlcədən qiymətləndirilməsi müəyyən qabaqlayıcı tədbirlərin görülməsini mümkün edir.

Açar sözlər:

Oxunub: 378