Direktorların başı pul yığmağa qarışdığı üçün... - Məktəbli qızın intiharı ilə bağlı EKSPERT ŞƏRHİ

"Direktorların başı pul yığmağa qarışdığı üçün..." - Məktəbli qızın intiharı ilə bağlı EKSPERT ŞƏRHİ


15:55     09 Aprel 2019 19_04_09_1554810251.jpg


Aprelin 4-də Bakı şəhəri Səbail rayonu 162 nömrəli orta məktəbin VIII sinif şagirdi Elina Hacıyeva məktəbin 3-cü mərtəbəsindən özünü ataraq intihar etdi. Xəsarət almış şəxs müalicə olunmaq üçün 1 saylı Şəhər Klinik Xəstaxanasına yerləşdirilsə də, aprelin 6-da xəstaxanada dünyasını dəyişdi.

İddialara görə, qızcığaz uşaqlara xas olmayan qəddarlığın qurbanı olub. O özünə qapılaraq, intihara əl atıb. Onun məktəbdə həm müəllimlərlə, həm də digər uşaqlarla problem yaşadığı bildirilir. Elina özünü müdafiə edə bilməyib və nəticədə özünə qapanıb. Həmyaşıdlılarının ona qarşı münasibətindən anasına bir neçə dəfə şikayət edib. Anası direktorun yanın gedib, məktəbdə baş verənlər, məktəb yoldaşlarının onun qızına qarşı davranışları barədə onunla danışıb. Direktor məsələni araşdırmağa söz versə də, heç bir ölçü götürülməyib.


Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədovun münasibətini öyrəndik. Ekspert Femida.az-a açıqlamasında bildirdi ki, artıq bir ilin inçində neçənci dəfədir ki, şagirdlər orta məktəbin yuxarı mərtəbələrindən özlərini ataraq intihara cəhd edirlər. Bu onu göstərir ki, orta məktəblərdə təkcə tədris və təhsil aşağı səviyyədə deyil, eyni zamanda elementar təhlükəsizlik qaydalarına da riayət olunmur:

“Dünyanın ən yaxşı təhsil sistemlərindən olan Avstraliyada məktəb direktorunun fəaliyyəti 2 böyük sahəyə ayrılır, buraya özündə müəyyən missiyaları, məqsədləri, məktəbin dəyərlərini təcəssüm etdirən məktəbə rəhbərlik (liderlik) və məktəbin cari fəaliyyətinin təşkilini nəzərdə tutan menecment (müəllimlər arasında dərs yükünün bölüşdürülməsi, müxtəlif resurslardan istifadə, valideynlər və ictimaiyyətlə iş) daxildir.

Amma ölkəmizdə direktorların peşəkarlıq səviyyəsi olduqca aşağıdır. Hansısa 2-3 aylıq bəsit təlimlərlə direktor yetişdirilə bilməz. Təəsüf ki, hazırda Təhsil Nazirliyi hətta adi test imtahanı nəticəsi ilə belə bu qədər ciddi posta qəbul həyata keçirir. Bu imtahanda namizədlərin əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi sahəsində bilik və bacarıqları 40 test tapşırığı vasitəsi ilə qiymətləndirilir. Bu üsulla direktor təyinatının həyata keçirilməsi əlbəttə ki, effektiv olmayacaqdı.

Baş verən hadisə onu göstərir ki, 162-saylı orta məktəbdə nə şagirdlər arasında münasibət, nə də şagird müəllim arasında münasibət normal olmayıb. Çünki məktəb rəhbərliyi şagirdləri yaxından izləməlidir. Təəsüflər olsun ki, məktəb direktorlarının başı şagirdlərdən bu və ya digər yollarla pul yığmağa qarışdığı üçün məktəbdə təhlükəsizlik qaydalarına nəzarət etmirlər”.



K.Əsdovun sözlərinə görə, müəllim və tərbiyəçilər şagird şəxsiyyətinin formalaşmasında kollektivin imkanlarından istifadə etməyə çalışmalıdırlar. Düzgün təşkil olunmuş kollektiv yüksək tərbiyələndirici qüvvəyə malik olur:

“Təəsüflər olsun ki, sağlam təhsil mühiti 162 saylı orta məktəbdə qurulmayıb. Burada eyni zamanda Təhsil Nazirliyi də məsuliyyət daşıyır ki, mütəmadi olaraq daxil olan müraciətlər əsasında qeyd olunan məktəbdə monitorinq aparmalı idi. Son dövrlərdə təyin olunan bəzi direktorlar məktəbə nəzarət edə, şagirdlər arasınakı münasibətləri tənzimləyə bilmir. İntihar edən şagirdin rəfiqəsinin dediyinə əsasən demək olar ki, onlar mütəmadi olaraq məktəb rəhbərliyinə müraciət etsələr də, onların şikayətləri təmin olunmayıb. Baş verən hadisələr orta məktəb direktorlarının təhsil müəssisəsinə rəhbərlik edə bilmədiyini, məktəb psixoloqunun öz vəzifəsinin öhdəsindən gələ bilmədiyini göstərir.

Ümumiyyətlə təhsil sahəsində olan problemlərə nəzər salsaq, onlardan biri, bəlkə də ən aktual olanı orta məktəblərdə psixoloji xidmətin zəifliyidir. Son illər bununla bağlı bir çox tədbirlər görülür. Görülən bu tədbirlər nəticəsində, artıq orta məktəblərdə bu sahənin adı var, bircə qalır doğru-dürüst fəaliyyəti. Təəssüf ki, orta məktəblərdə direktor və psixoloq bu sahəyə hələ də dırnaqarası yanaşır. Baş verən hadisələr Təhsil Nazirliyinin vəzifəsinin öhdəsindən gəlmədiyini təsdiq edir. Onlar məktəblərə nəzarət edə bilmirlər”.

Ekspert müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün aşağıdakı təklifləri irəli sürüb:

1. Müəllim yaxşı psixoloq olmalıdır. Pedaqoji məktəblərdə psixoloji treninqlər keçirilməlidir, hətta orta məktəbdə işləyən müəllimlər üçün də ara-sıra belə məşğələlər təşkil olunmalıdır.
2. Müəllim etik, estetik mədəniyyətə malik olmalıdır.
3. Müəllim hər bir şəxsə fərdi yanaşmağı bacarmalıdır.
4. Müəllim valideynlə sıx əlaqədə olmalıdır.




Qəyyumluq komissiyaları hara baxır?

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Qanuna əsasən, valideyn himayəsindən məhrum olmuş uşaqların tərbiyə olunması və təhsili, habelə hüquq və mənafelərinin müdafiəsini dövlət öz üzərinə götürür. Valideyn himayəsindən məhrum olmuş uşaqlara müvafiq dövlət və ya bələdiyyə müəssisələrində, qəyyumun (himayəçinin) ailəsində olduqları müddətdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qaydada yemək, paltar və ayaqqabı dəsti verilməsi, yaşaması, təhsil alması və tibbi xidmət göstərilməsi və ya onların tam dəyərinin dövlət büdcəsi hesabına ödənilir.

Düzdür, Elina valideyn himayəsindən məhrum olmuş uşaq deyildi. Lakin onun anası tərəfindən etinasız münasibət gördüyün deyənlər də var. Bu halda onun problemləri ilə müvafiq İcra Hakimiyyəti orqanının tərkibində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik komissiyası maraqlanmalı idi. Əgər ana uşağa yaxşı baxmırdısa, komissiya lazımi tədbirləri görməli idi.

Belə ki, valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi dövlət tərəfindən təmin olunur və qorunur. Müvafiq icra hakimiyyəti orqanları bu cür uşaqların sosial müdafiəsi üzrə məqsədli proqramları hazırlayır və həyata keçirir, onlar üçün mərkəzləşmiş xüsusi yaşayış yerləri, habelə təhsil, sosial xidmət və digər müəssisələrin bazasında sosial uyğunlaşma və reabilitasiya üzrə dövlət müəssisələri yaradırlar. Onların təhsil üzrə, tibbi xidmət üzrə təminatları var.

Məsələ ilə bağlı bir neçə vəkilə müraciət etsək də, onlar istintaq yekunlaşmadan bu məsələ barəsində hər hansı açıqlama verməyi düzgün hesab etməyiblər. Hüquq müafiəçiləri bu məsələdə direktorun hər hansı məsuliyyət daşımadığını bildiriblər.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #məktəb   #məktəbli_qız   #Elina   #intihar   #direktor   #təhsil   #Kamran_Əsədov   #vəkil   #femida   #qanun  

Oxunub: 3295