"Günahkar mühitdir: başda ailə, sonra məktəb" - Elinanın intiharı ilə bağlı PSİXİATR ŞƏRHİ


13:18     10 Aprel 2019 19_04_10_1554887946.jpg


Özünü 162 nömrəli məktəbin üçüncü mərtəbəsindən səkkizinci sinif şagirdi Elina Hacıyeva barəsində yeni faktlar üzə çıxıb. Onun intihar anı, xəstəxanaya aparılmazdan öncə məktəbdəki görüntülər və s. yayılıb. Bu da öz növbəsində valideyn və müəllimlərin məsuliyyətsizliyinə görə cəmiyyətdə böyük qınaq yaratdı.


14 yaşlı uşağın intiharının qarşısını almaq olardımı? Bunun üçün kim nə etməli idi? Valideynlər, yoxsa müəllimlər günahkardır?

Suallarımıza cavab tapmaq üçün psixiatr Fuad Bəşirova müraciət etdik. Onun Femida.az-a açıqlamasına görə, ilk növbədə valideyn uşağa diqqət etməlidir:

“Əgər uşaqda dəyişiklik əmələ gəlirsə, məsələn, aqressivlik, əvvəl etmədiyi davranışlar, telefonla çox oynamaq, otağa girib valideynlərlə danışmamaq, dərslərində geriləmək, müəllimlərdən olan şikayətlərin artması və s. bunlar varsa uşaqla ilk öncə özü danışmalı, daha sonra onu psixoloqa və ya psixiatra gətirməyi vacibdir. Bəzən valideynlər bunu anlamırsa, məktəb bunu anlamalıdır. Çünki məktəbin öz psixoloqu da var. O psixoloqlarla söhbət etməli və psixoloq valideynə xəbər verməlidir ki, uşağı həkimə aparın.

İntiharlar heç vaxt birdən birə ortaya çıxmır. Mütləq bunun əvvəlcədən bir işarəsi olur. Bu da çox vaxt “özümü öldürəcəm, bu dünyadan bezmişəm” kimi olur. Bunları zarafatla belə dilə gətirən uşaqları ciddiyə almaq lazımdır. Burada valideynin də, məktəb rəhbərliyinin də səhlənkarlığı var. Məktəb rəhbərliyi uşağın vəziyyətini bilib valideynlə danışmayıbsa, səhlənkarlıq edib. Ələxsus daha əvvəl də uşağın intihar cəhdi olubsa, xüsusi söhbətlər və dərmanla müdaxilə olunmalı idi”.



Həmçinin oxu: "Direktorların başı pul yığmağa qarışdığı üçün..." - Məktəbli qızın intiharı ilə bağlı EKSPERT ŞƏRHİ


Fuad Bəşirovun sözlərinə görə, bizim cəmiyyətdə bir çox valideynlər uşağa geyim almaq, yemək vermək və s. bu kimi ehtiyaclarını ödəməklə valideynlik funksiyasının bitdiyini düşünür:

“Bu tendensiya bizdə 90-cı illərdə başlayıb. Ata Rusiyaya işləməyə gedir, aşaqlar ana ilə qalır. Uşaqlarda da belə bir təsəvvür yaranır ki, ata evə pul gətirəndir, ana evə baxandır. Xüsusilə də oğlan uşaqlarında elə anlayış əmələ gəlir ki, ata bank rolunu oynayır. 90-cı illərin uşaqları indi özləri atadır. Ailə ilə çox vaxt keçirmirlər, sadəcə evə pul gətirirlər və bununla vəzifələrini kifayətlənmiş hesab edirlər. “Dərslərin necədir? Dostların necədir?” deyə soruşmağa ehtiyac duymurlar.

8-ci sinifdə oxuyan uşaq yeniyetməlik dövründə olan uşaqdır, hansı ki, bu dövrdə bütün orqanizm dəyişir. Bədən fiqurası dəyişir, beyin də ona uyğun dəyişir. Uşaq yaxşı ilə pisi ayırd edə bilsə də, bunları idarə etməkdə çətinlik çəkir. Qanunlarımız niyə 18 yaşa qədər bir cür, 18 yaşdan yuxarı başqa cür tətbiq olunur? Çünki qanunlar da deyir ki, 18 yaşlı bir beyin özünü idarə edə bilir. Bu yaşa qədər uşağa biraşa nəzarəti valideyn etməlidir”.

“Uşağı günahkar hesab edənlərlə qətiyyən razı deyiləm. Mühit günahkardır. Başda ailə, sonra məktəb. Biz onun məktəb yoldaşlarını da günahkar hesab edə bilmərik. Məktəbdə günahkar varsa, yalnız müəllimlərdir, psixoloqdur. Onsuz da yeniyetmələr arasında lağ etmək məsələsi həmişə olur. Hər kəs öz şəxsiyyətini təsdiq etməyə, bir addım önə çıxmağa çalışır. Kim zəifdirsə, onun üzərində öz gücünü göstərməyə çalışır. Belə hallarda böyüklər məsələyə müdaxilə etməlidir” – deyə psixiatr qeyd edib.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #psixiatr   #məktəbli_qız   #intihar   #Fuad_Bəşirov   #femida   #şərh  

Oxunub: 3935