Avaralar və qumar oynayanlar!!! - Sizi bu cəza gözləyir


12:32     12 Aprel 2019 19_04_12_1555058013.jpg


Ölkədə gənclər arasında yayılmış xoşagəlməz hallardan biri də avaraçılıq və eləcə də bu yolla qumar oyunlarına qurşanmaqdır. Gəncləri bu kimi pis vərdişlərdən yayındırmaq üçün qanunvericilik hansı cəza tədbirlərini nəzərdə tutur? Femida.az bu suala aydınlıq gətirəcək.

Avaraçılıq və qumar oyunlarına görə məsuliyyət İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Məcəllənin 523-cü maddəsinə əsasən, avaralıqla məşğul olmağa görə vətəndaşlara xəbərdarlıq edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq edilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə isə xəbərdarlıq edilir və ya iyirmi manatdan iyirmi beş manatadək məbləğdə cərimə edilməklə və ya edilməməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.

Daha bir hal isə böyüklərin az yaşlıları avaralığa cəlb edilməsi ilə bağlıdır. Belə ki, eyni maddənin 2-ci bəndinə əsasən, yetkinlik yaşına çatmayanın yetkinlik yaşına çatmış şəxs tərəfindən avaralığa cəlb edilməsinə görə əlli manatdan doxsan manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda beş gündən on beş günədək müddətə inzibati həbs tətbiq edilir.

Bu maddədə “avaralıqla məşğul olan” dedikdə - müəyyən yaşayış yeri və yaşamağa vəsaiti olmayan, hər hansı ictimai faydalı işlə və ya peşə fəaliyyəti ilə məşğul olmayan (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada işsiz statusu almış şəxslər istisna olmaqla), mütəmadi olaraq xırda oğurluq və ya dilənçilik yolu ilə dolanan şəxslər başa düşülür.

Məcəllənin qumar oyunları ilə bağlı olan hissəsi isə 525-ci maddə ilə tənzimlənir. Bu maddəyə əsasən, həm qumar oynayan şəxsin oyun zamanı ortaya qoyduğu pul müsadirə edilir, əlavə olaraq da cərimə olunur:

“Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə 400 manatdan 600 manatadək məbləğdə cərimə edilir”.

Qumarın oyunlarını təşkil edən şəxslər isə cinayət məsuliyyətinə cəlb oluna bilər. Belə ki Cinayət Məcəlləsinin 244-cü maddəsinə görə, qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama 10 min manatdan 15 min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edək ki, bu maddənin qüvvəsi lotereyalara və idman mərc oyunlarına şamil edilmir.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #avara   #qumar   #məcəllə   #inzibati_xəta   #cinayət   #femida   #qanun  

Oxunub: 6897