Müdafiəçi müdafiə etdiyi şəxsin razılığı olmadan axtarış və ya götürmə hərəkətlərində iştirakdan imtina edə bilməz


20:15     12 Aprel 2019 19_04_12_1555083817.jpg

Axtarış hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda müdafiəçi prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz

Femida.az-ın məlumatına görə, bu gün Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib. İclasda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1-ci, 92.10.3-cü və 244.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Həsənovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1-ci və 92.10.3-cü maddələri ilə həmin Məcəllənin 244.2-ci maddəsi arasında hər hansı ziddiyyət mövcud deyil. Cinayət-Prosessual Məcəlləsinin 244.2-ci maddəsində göstərilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ onun şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyini qorumaq məqsədilə cinayət-prosessual funksiyalarını həyata keçirməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir. Konstitusiyanın 61-ci maddəsi baxımından və Cinayət-Prosessual Məcəllənin 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz.

Cinayət-Prosessual Məcəllənin 92.10.3-cü maddəsinin “özbaşına müdafiədən imtina etmək” müddəası müdafiəçinin müdafiədən tamamilə imtina etməsi ilə yanaşı, müdafiə prosesinin ayrı-ayrı mərhələlərindən, eləcə də üzrsüz səbəbdən hər hansı prosessual hərəkətlərdə iştirak etməkdən imtina etməsini də ehtiva edir. Cinayət-Prosessual Məcəllənin 92.10.3-cü maddəsinin tələbləri baxımından, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda müdafiəçi müdafiə etdiyi şəxsin razılığı olmadan həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Açar sözlər:

Oxunub: 1609