Qənirə Paşayeva AŞPA-nı Ermənistana qarşı səbirli davranmaqda qınayıb

Qənirə Paşayeva AŞPA-nı Ermənistana qarşı səbirli davranmaqda qınayıb


23:33     12 Aprel 2019 2019/04/F3313130-BB95-4598-8F12-0DA9171EA9B8_1555097823.jpeg


Ermənistan Avropa Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarını, AŞPA-nın 1416 saylı qətnaməsini və Sərsəng su anbarı ilə bağlı qətnaməsini yerinə yetirməkdən boyun qaçırır.

Femida.az-ın məlumatına görə, bu sözləri Millət vəkili Q.Paşayeva bu gün AŞPA-da "Azad müzakirələr"də səsləndirib.

Onun szölərinə görə, Avropa Məhkəməsinin qərarları üzv ölkələrdə icra olunmalıdır. Amma Ermənistanın keçmiş rəhbərliyi Avropa İnsan Haqları məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarını yerinə yetirməkdən imtina edib.

“Öz evinə dönə bilməyən məcburi köçkünlərin Avropa məhkəməsinə müraciəti əsasında qəbul edilmiş bu qərarın yerinə yetirilməsi üçün, təəssüf ki, AŞ qurumları da ciddi addımlar atmadı və qərarın yerinə yetirilməsi üçün Ermənistanın sabiq rəhbərliyinə heç bir ciddi təzyiq göstərmədilər. Çox təəssüf ki, Ermənistanın yeni rəhbərliyi də bu qərarı yerinə yetirmək üçün heç bir ciddi addım atmır. Bu məsələ Avropa Şurası Parlament Assambleyasını ciddi narahat etməlidir”, - millət vəkili belə deyib.

Q.Paşayeva bildirib ki, “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarın qəbulundan uzun zaman keçməsinə baxmayaraq, onun yerinə yetirilməsi üçün AŞPA, AŞ qurumları Ermənistana qarşı hər hansı ciddi təsir və təzyiqlər göstərmir:

“Bu qətnamənin qəbulundan 10 ildən çox zaman keçir, amma Ermənistan hələ də bu qətnaməni yerinə yetirməkdən imtina edir və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə dönməsinə imkan vermir”.

Millət vəkili, həmçinin Assambleyanın diqqətini Sərsəng su anbarı ilə bağlı qəbul edilmiş 2085 saylı qətnaməyə yönəldib və qətnamədə də deyildiyi kimi, Ermənistanın həmin su ehtiyatlarından siyasi təsir və təzyiq kimi istifadə etməsinə son qoyulmasına çağırıb. “Ermənistan bu günə qədər bu qətnamənin də həyata keçirilməsi üçün heç bir addım atmır və on minlərlə azərbaycanlı əhalinin sıx yaşadığı bir neçə region bundan ciddi əziyyət çəkməkdə davam edir”, - deyə Q.Paşayeva sözlərinə davam edib.

O, Assambleyanı qəbul olunmuş qətnamənin yerinə yetirilməsi istiqamətində daha sərt mexanizmlərə əl atmağa və Ermənistana təzyiqlər göstərməyə çağırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 495