Hər iki valideynini xərçəngdən itirən tələbə evsiz qalıb: Heç kimə yük olmaq istəmirəm...

Hər iki valideynini xərçəngdən itirən tələbə evsiz qalıb: "Heç kimə yük olmaq istəmirəm..."


14:50     15 Aprel 2019 2019/04/56894395_794821584220650_4322694415157035008_n_1555325738.jpg


Müsahibimiz Vəli Məmmədov sözün əsl mənasında həyatın sərt üzünü görmüş biridir. 21 yaşı olmasına baxmayaraq, onun yaşadığı ağır itkilər bu gün bir çox problemi də özü ilə gətirib. Vəli uşaq yaşlarında hər iki valideynini itirib. Qardaşını xalası, özünü isə dayısı himayəsinə götürüb. Artıq 8 ildir himayədə yaşayan Vəli qohumlarına yük olmaq istəmədiyi üçün onların yanından ayrılmaq istəyir. Buna baxmayaraq, hara müraciət edibsə, müsbət cavab ala bilməyib.

Gənc tələbə problemini Femida.az-a danışıb:

“2009-cu ildə atam, 2010-cu ildə isə anam xərçəng xəstəliyindən vəfat edib. Anam öləndə 13 yaşım var idi. O vaxt məni babam qəyyumluğa götürdü. Onların evində isə dayım və xalam da yaşayır. Dayım evlidir və onun 4 övladı var. 13 yaşımdan bəri mənə onlar baxırlar. İndi 21 yaşım var. Bir ara Texniki Universitetin yataqxanasında qalsam da, daha sonra oranın tələbəsi olmadığım üçün çıxmalı oldum. Özüm Dillər Universitetinin tələbəsiyəm. Rəhbərliyə müraciət etsəm də, bildirdilər ki, oğlanlar üçün olan yataqxanada məcburi köçkünlər yaşayır. Ona görə də mənə orada otaq verilməsi mümkün deyil. Rektor Kamal müəllimin də qəbuluna düşə bilmirəm.



İndi də dayımgildə yaşayıram. Düzdür, onlar mənə demir ki, evdən çıx. Amma artıq böyük insanam, öz həyatımı qurmalıyam, onlara mane olmamalıyam. Bildiyimə görə, hər iki valideynini itirmiş uşaqlara dövlət qayğı göstərir, onlara qalmaq üçün yer verir. Bununla bağlı Suraxanı rayon İcra Hakimiyyətinə yaxınlaşsam da, kömək etmədilər. Əksinə dedilər ki, dayıngili məhkəməyə verib pay tələb edə bilərsən. Axı mən 8 il mənə baxan insanları necə məhkəməyə verim?! Bir sözlə hara müraciət edirəmsə, neqativ cavab alıram.

Mənim kiçik qardaşım da var. Onu Gürcüstanda yaşayan xalam övladlığa götürüb. Ən azından bu barədə rahatam”.

Vəli bildirir ki, Goranboyda atasından qalma həyətləri olsa da, burada yaşamaq mümkün deyil. Çünki həyətdəki tikilinin bir tərəfi uçub. Ərazini satışa çıxarsalar da, kənd yeri olduğu üçün almaq istəyən də yoxdur.



Gəncin bu situasiyada hansı hüquqları olduğunu öyrənmək üçün vəkilə müraciət etdik. Ayazbəy Əhmədov açıqlamasında bildirdi ki, valideynlərini itirmiş və sonradan yaşayış yerini hər hansı səbəbdən itirmiş uşaqlar dövlətin himayəsi ilə əhatə olunurlar:



“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsi belə hallar üzrə tətbiq olunur. Həmin maddədə qeyd olunur ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar), qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri üzrə aparılır. Bu da o deməkdir ki, həmin valideynlərini itirmiş şəxs məhkəməyə müraciət edib dayısının mənzilində qeydiyyata düşməyi tələb edə bilər.

"Yataqxanalar doludur, növbədə 2 min adam var"

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin İctima-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov Femida.az-a bildirib ki, rayonun ərazisində nə qədər boş yataqxana, ev varsa, hamısında məcburi köçkünlər məskunlaşıb:



“Bu gün Suraxanıda 20 mindən çox məcburi köçkün yaşayır. Hətta onların bir hissəsi hələ də qəzalı vəziyyətdə olan binalarda, yaxud bağçalarda yaşayır. 250 ailə isə ümumiyyətlə başqa ailələrin evlərini zəbt edib. Evi zəbt olunan ailələr 25 ildir ki, özü kirayədə yaşayır. Odur ki, bizim o tələbəni sığınacaqla təmin etmə imkanımız yoxdur. Yalnız o halda Vəliyə kömək etmək olar ki, köçkünlər hissə-hissə yeni tikilən evlərə köçürülsün və biz ona yataqxanada yer verək.

Məcburi köçkünlər 26 il əvvəl bura gələndə onların kiçik uşaqları var idi. İndi həmin uşaqlar artıq böyüyüblər. Valideynlər bəzən müraciət edir ki, onlara mənzil verək. Çünki mənzil probleminə görə, övladları ailə qura bilmir. Bu gün bizdə 2 mindən çox ev növbəsində dayanan şəxs var. Amma bizim elə bir imkanımız yoxdur ki, onlara ev verək”.

Məhkəməyə müraciət edə bilər

Vəkil Ayazbəy Əhmədovun sözlərinə görə, valideynlərini itirmiş gənc İcra Hakimiyyəti tərəfindən növbədənkənar yaşayış yeri ilə təmin edilməlidir:

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, əvvəllər mənzil sahəsi olmayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə qəyyumluqda (himayədə) olan uşaqlar bütün tipdən olan təhsil müəssisələrini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini bitirməyə, əhaliyə sosial xidmət müəssisələrindən və Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarından buraxılmağa, cəzaçəkmə müəssisələrindən azad olunmağa üç ay qalmış müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən olunmuş sosial normalardan az olmayan yaşayış yeri ilə növbədənkənar təmin olunurlar. Bu da o deməkdir ki, müraciət edən şəxsi yaşayış sahəsi ilə təmin etməyən müvafiq icra hakimiyyəti orqanına qarşı inzibati-iqtisadi məhkəmədə iddia qaldırıb bu vəzifənin həmin orqana həvalə olunması tələb oluna bilər”.

Universitetin yataqxanasında qaçqınlar yaşayır

Vəlinin tələbə olduğunu nəzərə alaraq, onun təhsil aldığı universitetin yataqxanasında nəyə görə qala bilmədiyinə isə, ADU-nun mətbuat katibi Ağa Cəfərli aydınlıq gətirib:



“Universitetin oğlanlar üçün yataqxanası yoxdur. Oğlanlara aid olan yerdə qaçqınlar məskunlaşıb. Lakin rektorla görüşmək məsələsinə gəlincə, burada heç bir problem və maneə yoxdur. Amma rektorla görüşsə belə, oğlanlar üçün yataqxana yoxdursa, rektor necə bir kömək edə bilər ki? Qaçqınlar oradan köçürülməmiş biz orada hər hansı şərait qura bilmərik. Çünki bu bizim səlahiyyətimizdə olan məsələ deyil. Təəssüf ki, bu halda heç bir kömək edə bilmirik”.



Ümid edirik ki, müvafiq qurumlar gənc tələbənin səsini eşidəcək və ona ən azından müəyyən müddətdə sosial probleminin həlli üçün yardım edəcəklər.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #tələbə   #femida   #ADU   #ev   #hüquq   #vəkil   #qanun   #universitet  

Oxunub: 8175