Prezident akademik haqda sərəncam imzaladı
16:57 15 Aprel 2019
Prezident İlham Əliyev "Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında" sərəncam imzalayıb.
Femida.az xəbər verir ki, sərəncamda deyilir: "2019-cu ilin may ayında görkəmli ədəbiyyatşünas və tənqidçi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycanın Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məmməd Cəfər Zeynalabdin oğlu Cəfərovun anadan olmasının 110 illiyi tamam olur.
Akademik Məmməd Cəfər Cəfərov ömrünün 60 ilə yaxın bir dövrünü ölkədə ədəbi-nəzəri fikrin inkişafına həsr etmiş, ədəbiyyatın tarixi və nəzəriyyəsi, ədəbi əlaqələr və eləcə də estetikanın aktual məsələlərinə dair fundamental araşdırmaları ilə Azərbaycan ədəbiyyatşünaslığını əhəmiyyətli dərəcədə zənginləşdirmişdir. Onun geniş əhatəli elmi irsində Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid və Səməd Vurğun kimi qüdrətli söz ustalarının yaradıcılıqlarının fəlsəfi-estetik mahiyyətini dünya ədəbi təcrübəsi ilə vəhdətdə dolğun şərh edən, yüksək elmi-nəzəri ümumiləşdirmə gücünə malik əsərləri xüsusi yer tutur. Azərbaycan ədəbiyyatında romantizm cərəyanının təşəkkülü və inkişafının ilk müfəssəl tədqiqi Məmməd Cəfər Cəfərovun adı ilə bağlıdır. Pedaqoji sahədə uzun müddət uğurla çalışan və qiymətli dərsliklər müəllifi olan alim, həmçinin elmi kadrların hazırlanması istiqamətində təqdirəlayiq fəaliyyət göstərmişdir".
Sərəncamla Azərbaycan Milli Elmlər Akademiyasına Təhsil Nazirliyi ilə birlikdə akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Femida.az
Oxunub: 336
Oxşar xəbərlər
- Prezidentdən Elşən Zeynalovla bağlı sərəncam
- Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişi təsdiqləyib
- Prezident İlham Əliyev özbəkistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Prezident İlham Əliyev Cozef Baydenə məktub göndərib
- Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb
- Prezident “Kəlbəcər-1” kiçik SES-in açılışında iştirak edib
- Prezident "Qida təhlükəsizliyi haqqında" qanunu təsdiqləyib
- Prezident İlham Əliyev Rumıniya nümayəndə heyətini qəbul edib