Bu agentlik 150 manata həyat yoldaşı tapır - Azərbaycanda qeyri-adi xidmət

Bu agentlik 150 manata həyat yoldaşı tapır - Azərbaycanda qeyri-adi xidmət


17:17     15 Aprel 2019 19_04_15_1555334296.jpg


“Bir çox xanım və bəylərimiz ailə qurmaq arzusundadır. Yalnız öz istək və tələblərinə uyğun partnyor tapmağa çətinlik çəkirlər. Məhz bu sırada köməyinizə bizim peşəkarlar çatır. Tələblərinizə uyğun həyat yoldaşı tapmaq artıq bizimlə mümkündür. Sizə isə sadəcə xoşbəxtliyi seçmək qalır”.

İnternetdə qarşınıza bu cür elanlar çıxsa, təəccüblənməyin və zarafat kimi qəbul etməyin.

Adını çəkərək reklam etmək istəmədiyimiz bir tanışlıq səhifəsində məhz bu cür vədlər verilir:

“Sizin xoşbəxtliyiniz üçün bizim xidmətlər! Azərbaycan və MDB ölkələrinin vətəndaşları ilə ailə qurmaq məqsədi ilə tanışlıq. Ailə qurmağa yardımçı olmaq çox məsuliyyətli işdir. Bu işi bütün məsuliyyəti ilə peşəkar şəkildə öz üzərimizə götürüb sizin tələblərinizə ən uyğun tərəf müqabilini tapmağa kömək edirik. Hamı ailə xoşbəxtliyini tapmağa layiqdir!

Elanın nə dərəcədə həqiqətə uyğun olduğunu yoxlamaq üçün qeyd olunan nömrə ilə əlaqə saxladıq. Salamlaşmadan sonra evlilik məqsədi ilə zəng etdiyimizi, şərtlər haqqında məlumat verilməsini xahiş etdik.

“Siz ofisə gəlməlisiniz. Bizim kataloqa baxmalısınız. Orada qızların şəkilləri var. Daha sonra özünüzdən danışmalısınız, qeydiyyat olmalısınız. Sonra biz sizi qızlarla tanış edəcəyik. Müqavilə 1 illik olur. 15 ilə yaxındır (!) fəaliyyət göstəririk. Müraciət edənlər çoxdur, evlənən də var, evlənməyən də”, - deyə bir xanım cavab verdi.

- Bəs tanış etdiyiniz xoşuma gəlməsə?
- Əlbəttə ola bilər. O demək deyil ki, kimi tanış ediriksə, onunla evlənməlisiz. Alınmasa, başqa qızla tanış edəcəyik. Bu proses 1 illik müqavilə müddətində davam edir.

- Müqavilə pulludurmu?
- Bəli. Qiyməti 150 manatdır. Bu məbləği hissə-hissə ödəmək imkanınız var. Əvvəlcə 50 manat qeydiyyat pulu ödəyirsiz. Qalan 100 manatı da hissə-hissə. Sonra biz qızlara zəng edib sizin haqqınızda məlumat veririk. Yaxud yeni qız qeydiyyat olanda sizin şəkillərinizi ona göstəririk. Əgər o sizi bəyənsə, görüşdürürük. Sizin eviniz varmı?

- Xeyr, valideynlərimlə yaşayıram. Əgər bir il müddətində mən özümə uyğun birini tapa bilməsəm necə olacaq?
- Onda istəyə uyğun müqaviləni yeniləyib axtarışlara davam edə bilərsiz. Bəzən elə olur ki, bir adam 3 il sonra bir namizədi bəyənir. Həm də siz arxayın ola bilərsiz, bura yalnız ciddi fikirli insanlar gəlir, hətta qızlar daha çox anaları ilə gəlib qeydiyyat olunur.
Daha sonra xanım məni ofisə qeydiyyata dəvət edir və dəstəyi asır.

Məsələnin hüquqi baxımdan nə dərəcədə düzgün olduğunu öyrənmək üçün hüquqşünas Ellada Bayramova ilə əlaqə saxladıq.

“Əgər bu şəxsin şirkət kimi VÖEN-i varsa, o hər hansı qeyri-qanuni hərəkətlərə yol vermirsə, bu cür tanışlıq platformasını işlətməsində heç bir pozuntu yoxdur. Amma işin həqiqətən dələduzluq və ya digər məqsədlə aparılmadığını müəyyənləşdirmək lazımdır. Bunu da yalnız vətəndaşın şikayəti əsasında müəyyən etmək olar. Bu halda hüquq-mühafizə orqanları işə başlayır. Bu təcrübə əvvəllər də olub. Qəzetdə elan verirdilər. Yaxud televiziyada bu tipli verilişlər olurdu.
Bu əxlaqi cəhətdən nə dərəcədə düzgündür ya yox, bu hər bir şəxsin öz işidir. Odur ki, qanuna zidd hərəkətlər etməyən şirkətdirsə, bu fəaliyyət növünü qanunda qadağan edən hər hansı müddəa yoxdur”, - deyə E.Bayramova qeyd edib.

Qeyd edək ki, əvvəllər telenməkanda eyni konseptli verilişlər var idi. Lakin MTRŞ (Milli Teleradio Şurası) efir etikasından kənara çıxdığı üçün bu tipli proqramların yayımına qadağa qoymuşdu.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #evlilik   #internet   #femida   #hüquq   #qanun   #elan  

Oxunub: 1563