Milli Qəhrəmanın doğum günüdür


09:50     16 Aprel 2019 2019/04/14308-1555393202_1555393902.jpg

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Rizvan Rəhman oğlu Teymurovun doğum günüdür.

Femida.az-ın məlumatına görə, Rizvan Teymurov 1967-ci il aprelin 16-da Şuşanın Quşçular kəndində ziyalı ailəsində anadan olub. 1984-cü ildə doğma kəndində orta məktəbi bitirdikdən sonra 1985-ci ildə ordu sıralarına çağırılıb. Əsgəri xidmətini Rusiyanın Omsk şəhərində başa vurduqdan sonra 1987-ci ildə Vətənə dönüb.

1990-cı ildə Şuşa rayon Daxili İşlər Şöbəsinin nəzdində Xüsusi Təyinatlı Polis Dəstəsi yaradılanda tərəddüd etmədən bu dəstəyə daxil olub. Qorxu bilməz, cəsur döyüşçülərdən ibarət olan dəstə Qaradağlı, Sırxavənd, Umudlu, Meşəli, Cəmilli kəndlərində, habelə Xankəndində ermənilərin zərərsizləşdirilməsində və tərksilah edilməsində qəhrəmanlıq nümunəsi göstərib. Əməliyyatların birində ilk dəfə ağır yaralanması onu odlu-alovlu cəbhədən uzaqlaşdıra bilməyib.

1991-ci il dekabrın 10-da Rizvan Teymurov öz silahdaşları ilə birgə Xankəndi yaxınlığında, azğın erməni təxribatının qarşısını alıb. Bu vaxt düşmən Rizvanı və silahdaşlarını gözlənilmədən atəşə tutub. Dekabrn 10-da Xankəndi-Kərkicahan ətrafında gedən qanlı döyüşdə qəhrəmancasına şəhid olan Rizvan Teymurov Şuşa rayon Quşçular kənd qəbiristanlığında dəfn olunub.

Göstərdiyi qəhrəmanlıq və rəşadətə görə, Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rizvan Teymurova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Femida.az

Açar sözlər: #Qəhrəman   #Şəhid  

Oxunub: 587