ATƏT-in Minsk qrupuna ən böyük irad


13:31     29 Oktyabr 2015 8834856e-1eae-4501-8596-639e45b9cb8a.jpg

ATƏT-in Minsk qrupunun həmsədrləri və onların təmsil etdikləri dövlətlər qətiyyətli mövqe göstərməli və təcavüzkar Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.


Femida.az xəbər verir ki, bu fikiri oktyabrın 28-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə keçirilən görüşdə bildirilib.

İctimai Birliyin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və hazırkı durumu haqqında məlumat verib. Bildirib ki, 1988-ci ildən başlayaraq Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi zəbt olunub.

Ermənistan Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasəti aparıb. BMT-nin məlum qətnamələrinə baxmayaraq, Ermənistan bu gün də işğalçılıq siyasətini davam etdirir. Bu işğalçılıq xalqımıza böyük maddi-mənəvi ziyan vurub, 1 milyondan artıq soydaşımız öz yurd-yuvasından didərgin düşüb. O, 20 ildən artıqdır münaqişənin həlli ilə məşğul olan beynəlxalq qurumların ikili standartlara yol verdiyini və məsələnin həllində qətiyyətli mövqe tutmadığını diqqətə çatdırıb. Vurğulanıb ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər və Azərbaycan xalqı bununla bağlı Prezident İlham Əliyevin tutduğu mövqeni dəstəkləyir.

İctimai Birliyin idarə heyətinin üzvləri – akademik Vaqif Fərzəliyev, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Elman Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, İctimai Birliyin Əlaqələndirmə Şurasının sədri Elçin Əhmədov qeyd ediblər ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə, eləcə də bu qurumun sədrinin 7 bəyanatında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin bütün Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması qeyd olunsa da, Minsk qrupunun göstərdiyi səylər Ermənistanın işğalçılıq siyasəti yürütməsi ucbatından heç bir nəticə verməyib.

Diqqətə çatdırılıb ki, münaqişənin nizamlanması istiqamətində bütün beynəlxalq təşkilatların, xüsusilə BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, o cümlədən Avropa Parlamentinin qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi qeyd olunub. Həmin qətnamələrdə münaqişənin beynəlxalq hüquq prinsipləri, xüsusilə ərazi bütövlüyü və suverenliyə hörmət əsasında həll edilməsi də əksini tapıb. Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında təmaslara və dialoqa imkan vermir.

Həmsədrlərin diqqətinə çatdırılıb ki, Ermənistan hakimiyyətini qəsb etmiş cinayətkar rejimin başında duranlar münaqişənin nizama salınması prosesində ölkəmizi güzəştə getməməkdə ittiham edirlər. Ancaq bu gün torpaqlarına təcavüz edildikdən və ərazisi işğala məruz qaldıqdan sonra da danışıqlar prosesində Azərbaycanın iştirak etməsinin özü təcavüzkar dövlət üçün elə ən böyük güzəşt deməkdir. Ermənistanın cinayətkar, kriminal diktatura rejimi ölkədəki siyasi, sosial-iqtisadi və demoqrafik böhrandan daim fikri yayındırmaq məqsədilə sərhəddə və qoşunların təmas xəttində təxribatlar törədir. Son hadisələr, eləcə də təcavüzkar dövlətin mütəmadi olaraq ərazilərimizi atəşə tutmaqla törətdiyi diversiya hərəkətləri işğalçı dövlətin münaqişənin dinc vasitələrlə həll olunmasını istəmədiyinə sübutdur.

Belə olan halda Ermənistanın qeyri-konstruktiv mövqeyi və təcavüzkar siyasəti Azərbaycanı münaqişənin nizamlanması üçün digər variantlar axtarmağa məcbur edir. Bu səbəbdən ATƏT-in Minsk qrupunun həmsədrləri və onların təmsil etdikləri dövlətlər qətiyyətli səylər göstərməli və təcavüzkar Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 995