Azərbaycanda ilk 700 bal toplayan abituriyent rus bölməsindən olub


11:21     16 Aprel 2019 2019/02/telebe_teleb_1550218282.jpg


Təhsil eksperti Kamran Əsədov sosial şəbəkələrdə rus bölməsində təhsil alanların 700 bal yığa bilməməsi ilə bağlı aparılan müzakirələrə reaksiya verib.


Femida.az xəbər verir ki, o bildirib ki, ali məktəblərə test üsulu ilə qəbul imtahanları tarixində ilk dəfə 2007-ci ildə 3 abituriyent 700 bal toplayıb ki, onlardan biri də 10 saylı orta məktəbin rus bölməsinin qız abituriyenti olub:

"Yəni 1992-ci ildən etibarən keçirilən qəbul imtahanlarında o tarixə qədər heç bir bölmənin abituriyeni 700 bal toplayıb, ilk dəfə olanda da bu eyni vaxtda olub. Bundan başqa 2016-cı ildə II qrupda Rus bölməsində Şahbaba Məmmədov 700 bal toplayıb. Yəni rus bölməsində təhsil alan şəxslər arasında 700 bal toplayan abituriyentlər yoxdur ifadəsi yanlışdır.

Nəzərə alsaq ki, azərbaycan bölməsinə sənəd təqdim edən abituriyentlərin sayı ilə rus bölməsinə sənəd verənlərin sayı ciddi şəkildə fərqlidir, o zaman azərbaycan bölməsinin nəticələrinin az olduğunu görərik. Bunu istənilən qəbul imtahanında görə bilərik.

Məsələn, 2016-cı qəbul ilində I ixtisas qrupu üzrə qəbul imtahanında 31399 abituriyent iştirak edib. Onların Azərbaycan bölməsi üzrə 33.02 faizi, rus bölməsi üzrə isə 42.65 faizi tələbə adını qazanıb, qəbul planı 77.94 faiz yerinə yetirilib.

II ixtisas qrupu üzrə imtahanda iştirak edən abituriyentlərin sayı 22133 nəfər olub. Onların Azərbaycan bölməsi üzrə 42.94 faizi, rus bölməsi üzrə isə 55.15 faizi tələbə adını qazanıb, qəbul planı 80.04 faiz yerinə yetirilib.

III ixtisas qrupu üzrə qəbul imtahanında 19673 nəfər abituriyent iştirak edib. Onların Azərbaycan bölməsi üzrə 40.76 faizi, rus bölməsi üzrə isə 49.32 faizi tələbə adını qazanıb, qəbul planı 83.35% yerinə yetirilib.

IV ixtisas qrupu üzrə qəbul imtahanında 5340 nəfər abituriyent iştirak edib. Onların Azərbaycan bölməsi üzrə 49.32 faizi, rus bölməsi üzrə isə 32.30 faizi tələbə adını qazanıb, qəbul planı 77.25 faiz yerinə yetirilib. Bu göstərici digər ixtisas qrupları ilə müqayisədə ən aşağı göstəricidir.

V ixtisas qrupu üzrə qəbul imtahanında 18158 nəfər abituriyent iştirak edib. Onların Azərbaycan bölməsi üzrə 13.03 faizi, rus bölməsi üzrə isə 23.68 faizi tələbə adını qazanıb, qəbul planı 87.81 faiz yerinə yetirilib.

Göründüyü kimi, IV ixtisas qrupu istisna olmaqla, qalan bütün qruplarda imtahanda iştirak edənlər arasından ali təhsil müəssisələrinə qəbulolma faizi rus bölməsində daha yüksəkdir, amma müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlər arasında qəbulolma faizi hər iki bölmədə, demək olar ki, eyni səviyyədədir. Ümumilikdə, Azərbaycan bölməsində ali təhsil müəssisələrinə qəbul olanlar imtahanlarda iştirak edənlərin 38.32 faizini, müsabiqədə iştirak etmək hüququ qazananların isə 81.72 faizini təşkil edir. Rus bölməsində bu göstəricilər müvafiq olaraq, 48.51 və 85.52 faizdir. Bu tendensiya bütün illərə aiddir. Faktlara əsasən demək olar ki, rus bölməsində tədris Azərbaycan bölməsindən daha keyfiyyətlidir".

Femida.az

Açar sözlər: #təhsil  

Oxunub: 1848