Azərbaycanda nə qədər qan ehtiyatı var?

Azərbaycanda nə qədər qan ehtiyatı var?


19:13     17 Aprel 2019 19_04_17_1555506264.jpg

Azərbaycanda hər il qan donorlarının sayı artır. Ötən il donorların sayı 90 min 490 nəfər olub ki, bu da 42 ton 983 litr qan edir.


Femida.az xəbər verir ki, bunu Lent.az-a açıqlamasında Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlmirzəyeva deyib.

Onun sözlərinə görə, Qan Bankında hər zaman kifayət qədər qan ehtiyatı saxlanılır. Z.Əlmirzəyeva bildirib ki, 2017-ci ildə donorların sayı 85 min olubsa, ötən il artıq bu rəqəm 90 minə yüksəlib: “Bir ayda qan verənlərin sayı 3000-4000 min arasında dəyişir. Bəzən daha az olur. Məsələn, yay aylarında qan verənlərin sayında azalma müşahidə olunur. Daimi donorlarla yanaşı, insanlar həm də könüllü qan verirlər. Briqadalarımız vasitəsilə böyük müəssisələrdə, şirkətlərdə qanvermə aksiyası təşkil olunur. Rayonlarda bu aksiyaların təşkili icra hakimiyyətlərinin köməkliyi ilə həyata keçirilir. Hər dəfə təşkil olunan aksiyalarda 200-300 nəfər iştirak edir. Qan toplandıqdan sonra müayinə olunur, infeksiyalar yoxlanılır. Qanın təhlükəsiz olduğuna əmin olduqdan sonta sertifikatlaşdırılır və tədarük olunmuş qan ehtiyacı olan xəstələrə verilir”.

Direktor qeyd edib ki, il ərzində qadınlar 4, kişilər 5 dəfə qan verə bilər: “Elə donorlar var ki, daimi qan verirlər. Amma elə insanlar da var ki, könüllü şəkildə ya qohumlarına, ya da sadəcə kömək məqsədilə qan vermək istəyirlər. Məsələn, aprel döyüşlərinin baş verdiyi zaman əhaliyə müraciət etmədiyimiz təqdirdə könüllü olaraq qan vermək üçün o qədər çox axın olmuşdu ki, insanlara bu qədər qana ehtiyac olmadığını bildirirdik. Qan Bankında hər hansı bir fövqəladə vəziyyət olduğu təqdirdə istifadə olunacaq qədər qan ehtiyatı saxlanılır”.

Əlmirzəyeva bildirib ki, qan verməyə gələn insanlar mütləq müayinədən keçirilirlər: “Bizdə donorların məlumat bazası var. Hər bir insan haqqında o bazaya ətraflı məlumat yerləşdirilir. Həmin bazanın Daxili İşlər Nazirliyinə çıxışı var. Şəxsin pasport məlumatı verilən kimi yaşadığı yer, onun haqqında hər bir məlumat ortaya çıxır. Xəstəlik aşkralandığı halda donor namizədi siyahıdan kənarlaşdırılır".

Dediyinə görə, qanda infeksiyalar mütamadi olaraq aşkarlana bilir. Bəlkə də insan hansısa infeksiyaya yoluxduğunu bilmir, qan verdikdən sonra məlum olur. "Məsələn, ötən il Məhərrəm ayında beş minə yaxın qan verəndən 200-dən çoxunda virus aşkarlanmışdı. Qan Bankı strateji obyektdir və hər zaman tükənməyən qan ehtiyatı olmalıdır. Qanın da müəyyən saxlanma müddəti var. Eritrosit kütləsi tərkibindəki qoruyucudan asılı olaraq bir ay və ya 42 gün saxlana bilir. Plazma isə iki il müddətində dondurulmuş şəkildə saxlanıla bilir. Ona görə qan ehtiyatı daima yenilənir. Bütün dünyada olduğu kimi hər gün bizdə də qana ehtiyacı olan insanlar olur. Onu da deyim ki, hər hansı xəstəlik keçirən, əməliyyat olan və ya xaricdən yeni gələn insanlardan qan alınmır. Xaricdən səfərdən gələnlərdən 3-4 bəzən 6 ay müddətində qan götürülmür. Əgər hər hansı virusa yoluxubsa, inkubasiya dövrü gözlənilir. Hemoqlobin səviyyəsi aşağı olan insan qan donoru ola bilməz”.

Direktor onu da vurğulayıb ki, bir ay müddətində istifadə olunmayan qan müvafiq olaraq zərərsizləşdirilir.

Femida.az

Açar sözlər: #qan  

Oxunub: 138