Başqasının yerinə imtahana girənləri və buna şərait yaradanları - HANSI CƏZA GÖZLƏYİR?


13:07     18 Aprel 2019 19_04_18_1555578503.jpg


Ötən günlərdə Dövlət İmtahan Mərkəzinin (DİM) 2018-ci ildə keçirdiyi qəbul imtahanlarında başqasının yerinə imtahana girmək istəyən 2 şəxs aşkar olunub. DİM-in şikayəti əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində həmin abituriyentlərin bu hərəkətə yol verməsinə şərait yaradan şəxslərə qarşı cinayət işi başlandı.

Femida.az bildirir ki, faktla bağlı Göygöl sakini Təbib Alışanlı və Gəncə sakini İbadət Novruzov cinayət məsuliyyətinə cəlb edilib. Həmin şəxslər rəsmi sənədləri saxtalaşdırmağa cəhd ediblər. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 178.2.3-cü (dələduzluq; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Onları hansı cəza gözləyir?

CM-in 178.2.3-cü maddəsinə əsasən, bu cür hərəkətə yol verən şəxslər dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beşilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

CM-in 308.1-ci maddəsinə görə isə, doqquz min manatdan on üç min manatadək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.



Bəs başqasının yerinə imtahana girənlərin məsuliyyəti nədir?

Bu suala vəkil Rövşən Qasımov aydınlıq gətirib:

“Bu əməlin cinayət tərkibi yoxdur. Başqasını yerinə imtahana girən və yerinə girdiyi şəxslər cəzalandırılmır. Cinayət Məcəlləsində başqasının yerinə səlahiyyəti olmadan hər hansı fəaliyyəti yerinə yetirə bilən şəxslərlə bağlı müddəa yoxdur. Burada nə cinayət, nə inzibati məsuliyyətə səbəb olan hər hansı məqam görmürəm. Abituriyentləri imtahana buraxan şəxs onun bütün məlumatlarını dəqiq yoxlayıb buraxmalıdır. Gələcəkdə əgər bu csr saxtakarlıq müəyyən olunarsa, imtahanın nəticəsi ləğv edilir. Həmin şəxs universitetə daxil olubsa, hansı kursda olmasından asılı olmayaraq, universitetdən xaric olunur.

Ola bilsin ki, gələcəkdə başqasının yerinə imtahan girmə ilə bağlı Cinayət və ya İnzibati Xətalar Məcəlləsinə müddəalar daxil ediləcək”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #imtahan   #vəkil   #hüquq   #qanun   #cəza   #cinayət   #femida   #saxtakarlıq  

Oxunub: 2377