DGK ittihamlara cavab verdi


17:54     18 Aprel 2019 dovlet_gomruk_komitesi_041.jpg

Bəzi internet xəbər portallarında “Yaşıl dəhliz” sisteminin tətbiqi ilə bağlı gömrük orqanlarına qarşı əsassız ittihamlar irəli sürülür.



Bu barədə Femida.az-a Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, portallarda “sahibkarlardan daxil olan müraciətlər”ə əsaslanaraq “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququnun əldə edilməsi ilə bağlı müraciətlərə guya komitənin subyektiv yanaşdığını iddia edirlər:

“Bundan başqa, yazıda indiyə qədər 53 müraciətin müsbət cavablandırıldığı, müraciətlərə baxılarkən “ayrı-seçkiliyə” yol verdiyi irəli sürülür.

Müraciətlərə baxılarkən ayrı-seçkiliyə yol veilməsi ilə bağlı Dövlət Gömrük Komitəsi bildirir ki, gömrük işinin təşkilinin bütün sahələrində olduğu kimi “Yaşıl dəhliz” buraxılış sistemindən istifadəyə dair bütün müraciətlər tam şəffaf və obyektiv şəkildə araşdırılır. Bununla bağlı komitənin rəsmi internet səhifəsində xüsusi bölmə yaradılıb və 24 saat fəaliyyət göstərən dəstək qrupu fəaliyyət göstərir. Bu linkdən də bu barədə ətraflı məlumat almaq olar.

Sistemdən istifadə edənlərin sayına gəlincə isə bu rəqəm 53 deyil. İndiyə qədər sistemdən istifadəyə dair 500-dən çox müraciət daxil olub və onlardan 300-ə qədəri müsbət cavablandırılıb. Üstəlik, bu barədə dəfələrlə nəinki komitənin rəsmi açıqlamalarında, hətta kütləvi informasiya vasitələrində minlərlə açıqlamalar yayımlanıb”.

Komitə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə zamanı çətinlik çəkilməsi və bu sistem istifadəçilərinin növbədənkənar keçməsinin ixrac potensialını aşağı salması iddialarına da cavab verib:

“İddia edilir ki, sistemdən istifadə etmək istəyənlər İKT sahəsində yüksək bilik və bacarıqlara malik olmalı və ya bu sahədə ixtisaslaşmış mütəxəssisi işə götürməlidirlər ki, bu da sahibkarlar üçün əlavə xərc deməkdir. 21-ci əsrdə xarici ticarətlə məşğul olan şəxsin və ya şirkətin İKT biliklərinə və ya bu sahədə ixtisaslaşmış kadrlara malik olmaması absurddur. Üstəlik, “Yaşıl dəhliz” buraxılış sistemi tamamilə informasiya texnologiyaları sahəsindəki ən son yeniliklər təbiq olunmaqla həyata keçirilir və bunun üçün tələb olunan vəsait xarici ticarətlə məşğul olanlar üçün cüzi sayılacaq qədər azdır.

Yazıda “Belə ki, “Yaşıl dəhliz”dən istifadə etməyənlər növbə gözlədiyi halda, gömrük keçidindən “Yaşıl Dəhliz” istifadəçiləri növbədən kənar keçməsi ilə, uzun vaxt ərzində növbədə gözləyənlərə pis təsir bağışlayırlar. Bu isə sahibkarlar arasında da çaşqınlıq yaradır.” cümlələri isə gülünc və xüsusilə diqqətçəkicidir. Bu cümlələri yazan “sahibkar” və onu dərc edən media orqanı düşünür ki, “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edənlərə məxsus mal və nəqliyyat vasitələrinin gömrük-keçid məntəqəsindən gözləmədən, gömrük nəzarətinə məruz qalmadan keçməsi digər sahibkarlarda ruh düşkünlüyü yaradır və bu da ölkənin ixrac potensialını aşağı salır. Bu təfəkkür sahiblərinin ölkənin strateji qurumlarından birinin həyata keçirdiyi mütərəqqi ideyalara söykənən layihəyə necə qiymət verəcəyi, hansı meyarlarla dəyərləndirəcəyi isə onların düşüncə tərzindən məlum olur”.

DGK əsas iddialar səsləndirilən məqalənin məqalənin sonunda adları qeyd olunan şəxslərdən nəinki “Yaşıl dəhliz” buraxılış sistemindən istifadəyə dair, ümumiyyətlə Dövlət Gömrük Komitəsinə hər hansı müraciət daxil olmadığını da qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 412