Toxumçuluqla bağlı müşavirə keçirilib


18:31     18 Aprel 2019 2019/04/57503-1555591206_1555594334.jpg

Qobustan rayonunda kənd təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Ölkədə toxumçuluğun mövcud vəziyyəti və 2019-cu ildə qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib.

Nazirlikdən Femida.az-a verilən məlumata görə, Qobustan Gənclər Mərkəzində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, müxtəlif rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, Elmi-Tədqiqat İnstitutlarının nümayəndələri, həmçinin 15 rayondan toxumçuluqla məşğul olan 177 fermer, toxum emalı və satışı ilə məşğul olan sahibkarlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov bildirib ki, ölkədə kənd təsərrüfatının inkişafına geniş dövlət dəstəyi mövcuddur. Aqrar sahənin inkişafında toxumçuluq və tingçiliyin mühüm rol oynadığını xatırladan Adil Məmmədov rayonda toxumçuluq üzrə ixtisaslaşmış təsərrüfatların çoxluq təşkil etdiyini deyib. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı konkret hədəflər qoyulduğunu deyən Adil Məmmədov bildirib ki, bu hədəflərə çatmaq üçün rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalının genişləndirilməlidir. O vurğulayıb ki, bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən regionlarda mütəmadi müşavirələr keçirilir.

Kənd təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələrində olduğu kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Nazir bildirib ki, dövlət başçısının qəbul etdiyi qərarlar sayəsində aqrar sahənin inkişafı ilə bağlı qabaqcıl tənzimlənmə və dəstək mexanizmlərinin ölkəmizdə geniş tətbiqinə real zəmin yaranıb: “Bildiyiniz kimi, Cənab Prezident ölkədə aqrar sektoru iqtisadiyyatın prioritet sahəsi müəyyən edib. Ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün fəaliyyətimizdə düzgün və səmərəli idarəçilik, kəndli və fermerlərə yaxınlıq, innovasiyaların tətbiqi prinsiplərini əsas götürürük. Toxumçuluq sahəsi ərzaq təhlükəsizliyinin təmin olunmasının əsas prioritet istiqamətlərindəndir. Bu sahədə fəaliyyətin səmərəli təşkili kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının və keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. Kənd təsərrüfatı bitkilərinin yeni sortlardan və sertifikatlı toxumlardan istifadə məhsuldarlığı 20-30 faiz artırır”.

İnam Kərimov qeyd edib ki, ölkədə toxumçuluq sektoru müasir tələblərə cavab verən yeni texnologiyaların tətbiqi əsasında inkişaf etdirilməlidir. Nazir keyfiyyətli toxumlara olan tələbatın əsasən yerli istehsal hesabına ödənilməsi üçün müvafiq tədbirlərin görüldüyünü müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti üzrə Dövlət Xidmətinin rəis müavini Möhtəsim Əhmədov “Toxumçuluğun mövcud vıəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycan Toxumçular Assosiasiyasının sədri Afər Hacıyev, “Agro Dairy”MMC-nin nümayəndəsi Fuad Kərimov, Balakən rayonunda meyvə ting istehsalı ilə məşğul olan Nəsrulla Orucov fəaliyyət göstərdikləri sahə ilə bağlı fikirlərini bölüşüblər.

Müşavirədə toxum ilə təminat, toxumçuluğun inkişaf istiqamətləri, subsidiyaların verilməsi istiqamətində fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb. Tədbirdə ölkədə toxumçuluğun inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə toxunulub, bu cür müzakirələrin mütəmadi keçirilməsi qərara alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 417


Oxşar xəbərlər