İşəgötürən işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir

İşəgötürən işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir


10:17     19 Aprel 2019 2019/04/01_1555654734.jpg


Təhlükəsiz və sağlam əmək şəraitdə işləmək işçinin əsas hüquqlarından biridir. İşəgötürənin bu sahədə əsas vəzifələrindən biri əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl olunmasını təmin etməkdir.

Femida.az xəbər verir ki, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Ucar rayonunda “Əməyin mühafizəsi, normaları, qaydaları və prinsipləri” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında keçirdiyi maarifləndirmə tədbirində vurğulanıb.

Xidmətin Ucar, Ağdaş, Zərdab rayonlarını əhatə edən 15 nömrəli region üzrə Dövlət Əmək Müfəttişliyinin xidməti ərazisindəki ayrı-ayrı işəgötürənlərin və işçilərin iştirakı ilə keçirilən tədbirdə əməyin mühafizəsi sahəsində işəgötürənlərin qarşısında duran vəzifələr diqqətə çatdırılıb. Vurğulanıb ki, əməyin mühafizəsinin əsas prinsiplərindən biri işçinin həyat və sağlamlığının müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutulmasıdır. Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər. Onlar normal əmək və istirahət rejiminə riayət edilməsini, işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini və s. təşkil etməlidirlər.

Tədbirdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması mövzusundan da geniş bəhs olunub. Qeyri-rəsmi məşğulluğun əmək qanunvericiliyinin, işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına, vergi, sosial sığorta və digər məcburi ödəmələrin yerinə yetirilməməsinə səbəb olduğu diqqətə çatdırılıb.

Femida.az

Açar sözlər: #əmək   #təhlükəsizlik  

Oxunub: 432